UEFA avrokubok oyunları ilə bağlı qərarını verdi

ESTAFET/ Avrokubokların koronavirus pandemiyası üzündən baş tutmayan oyunlarının taleyinə aydınlıq gəlib. UEFA bu gün start götürəcək növbəti mərhələ ərəfəsində əvvəlki raunddan qalan matçlarla bağlı yekun qərarını verib.

Çempionlar Liqasının I təsnifat mərhələsinin “Klaksvik” (Farer adaları) – “Slovan” (Slovakiya) qarşılaşması qonaqların futbolçularının koronavirusa yoluxması üzündən iki dəfə təxirə salınıb. Avropa Liqasının ilkin mərhələsinin “Linkoln” (Cəbəllütariq) – “Priştina” (Kosovo) duelində də eyni halın yaşanmasına qonaqlar səbəb olub.

UEFA bu matçların baş tutmasının mümkünsüzlüyünü qəbul edərək hər iki görüşdə səfərdə oynayan komandalara texniki məğlubiyyət verib. Nəticədə meydan sahibləri növbəti raunda yüksəliblər.

Beləliklə, bu həftə baş tutacaq avrokubok oyunlarından son ikisinin də tərkibi müəyyənləşib. Avqustun 26-da Çempionlar Liqasının II təsnifat mərhələsində “Yanq Boyz” (İsveçrə) – “Klaksvik” (Farer adaları), ertəsi gün Avropa Liqasının I təsnifat mərhələsində “Linkoln” (Cəbəllütariq) – “Union” (Lüksemburq) matçları baş tutacaq. İsveçrədəki oyun Bakı vaxtı ilə 22:15-də, digər görüş 19:30-da başlayacaq.

Müəllif: Natiq NƏSİROV