"Doğru deyirsiz, bu gün top itkisi çox idi": Füzuli Məmmədov

ESTAFET/ “Çətin oyun olacağını bilirdik. Çünki bu turnir tam başqadır". Bu sözləri “Neftç”nin baş məşqçisi Füzuli Məmmədov Avropa Liqasının I təsnifat mərhələsində “Şkupi” ilə keçirilən oyun haqda danışarkən deyib.

Şimali Makedoniya təmsilçisi üzərində 2:1 hesablı qələbə qazanan Bakı klubu növbəti mərhələyə adlayıb.

Matçdan sonra təşkil edilən mətbuat konfransında Məmmədovun qalibiyyət şərhi belə olub: “Komandamıza rəqib haqda bütün tapşırıqlar vermişdik. İlk hissədə oyunumuz tam alınmırdı. Bu da rəqibin qapanması ilə bağlı idi. Başqa tapşırıqlar vermişdik. İkinci hissədə hücum etdik, təzyiq göstərdik. Bu təzyiq rəqibi səhvlərə məcbur etdi, bundan da yararlandıq. Düzdür, səhvlər var, bu, olmalıdır. Bizim işimiz çalışıb, bu səhvləri azaltmaqdır. Futbolçularımı və bütün "Neftçi"sevərləri təbrik edirəm”.

- İlk hissədə özünüzə bənzəmirdiniz. "Şkupi"nin bu qədər dirənəcəyini gözləyirdiniz?
- Rəqibin əks-hücumdan oynayacağını bilirdik. Futbolçularım niyə mərkəzdən oynayırdılar, bilmirəm. Demişdim ki, ortada çox oynamayın. Başqa tapşırıqlar vermişdim. Adi epizodda top itirəndə əks-hücumlar təhlükəli olur. Amma ikinci hissədə nəzarəti itirmədik.

- Top itkiləri həddindən çox idi və oyunçular arasında anlaşma yox idi. Bunun aradan qaldırılması üçün tədbir görüləcəkmi?
- "Neftçi" hər zaman top saxlamaqla seçilib. Amma doğru deyirsiz, bu gün top itkisi çox idi. Bunda futbolçuların həyəcanı, rəqibin qapanması rol oynaya bilər. Futbolçuların rəsmi oyun praktikası tam yerində deyil. Yeni oyunçularımız da var. Zamanla hamısı aradan qalxacaq.

- Cabir Əmirlinin ilk dəqiqələrdən meydanda olması nə ilə bağlıdır?
- Rəqibi analiz etdikdən sonra hansı oyunçunun meydanda oynaması qərarını mən verirəm. Bu o demək deyil ki, Ömər Buludov zəifdir. Rəqibdən də çox şey asılıdır.

- Krivotsyuk və Monroz ilk hissədə zəif görünürdü...
- Xeyr, razı deyiləm. Krivotsyuk tam istədiyimi etdi. Mən bu fikirlə razı deyiləm. Top hücuma çox gəlməyəndə hücumçu az görünür. İkinci hissədə Monroz arxaya çəkilməyə məcbur olurdu. İkinci hissədə daha aktiv idi. Onu əvəzləsəydim, planımız dağıla bilərdi.

Müəllif: Natiq NƏSİROV