"Təqvim çox sıxdır, çətin olacaq": Qurban Qurbanov
ESTAFET/ “Çox vacib oyun idi. Futbolçularımı təbrik edirəm”. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində “Şerif”lə keçirilən oyundan sonra deyib.
Moldova çempionu üzərində qələbə qazanan (2:1) təmsilçimiz növbəti mərhələyə adlayıb.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Qurbanovun qalibiyyət şərhi belə olub: “Sona yaxın oyunçular yorulmuşdu. Amma qələbə hesabını qoruya bildik. Bəlkə sönük kimi göründü. Lakin çox sayda qol epizodlarını dəyərləndirə bilmədiyimiz üçün əsəbi alındı. Avropa Liqasının minimum pley-offunu təmin etdik”.
- Rəqibin qırmızı vərəqəsindən sonra sanki komandada durğunluq oldu. Bu, arxayınlıqdan yarandı?
- Deməzdim ki, arxayınlıq oldu. Sadəcə, belə halda rəqib daha inamlı olur. Xüsusən də, geridə olanda aktiv olmağa çalışırlar. Oyun ərzində iki-üç dəfə 3-5 dəqiqə oyuna nəzarət etdilər. Amma ümumilikdə nəzarət bizdə idi. Bəlkə də qırmızı vərəqəni gözləmirdilər. Fasilədə göstərişlərimi verdim ki, diqqətli olmaq lazımdır.
- Uroş Matiç ayrılan Miçelin yerini doldura bilirmi?
- Miçel olanda sistem olaraq fərqli oynayırdıq. Bu gün oyunçuların meydanda düzgün balanslaşdırılması üçün Matiç daha çox geridən oynayır. İdman formasına düşməsinə hələ var. Daha yaxşı Matiç görəcəyik. 4-5 ay məşq etmədən birdən-birə komandaya düşdü. Onun təcrübəsindən və ustalığından daha çox yararlanacağıq.
- Qarşıda yığmanın oyunları gəlir. "Qarabağ"ın 7-8 oyunçusu dəvət alıb. Bu sıx qrafik komandaya xeyir verərmi?
- Çox çətin olacaq. Futbolçu ən böyük yükləməni oyunda alır. Bərpa üçün də çox vaxt lazımdır. Ümumiyyətlə, təqvim çox sıxdır. Çempionat və avrokubok oyunları tez-tez olacaq. Əvvəlki illərdən daha sıx qrafik olacaq. Bu da futbolçunun hətta zədələnməsinə gətirib çıxara bilər. Özlərini daha yaxşı vəziyyətə gətirmək futbolçuların özlərindən asılıdır. İstirahətlərinə fikir verməlidirlər. Ola bilər ki, bəzi oyunların tempi aşağı düşsün. Bu günkü oyunun sürətsiz olduğunu düşünmək olar. Amma azarkeş olsaydı, daha sürətli oyun kimi görünəcəkdi.
- Rəqibin baş məşqçisi mətbuat konfransına qatılmır. Sizin də gözlənilməz məğlubiyyətləriniz olub. Heç nə vaxtsa konfransa qatılmaq istəmədiyiniz olub?
- Bir dəfə olub. "Qarabağ"da 3-cü, ya 4-cü oyunum idi. Stadiondan çıxmışdım, sonra geri qayıtmışdım. Azarkeşlər istefa şüarları səsləndirmişdilər. Amma sonra qayıtdım və normal konfrans keçdi.
- Bu gün Bədavi-Medina tandemi kifayət qədər kobud səhvlərə yol verdilər. Bu, müdafiədəki problemin göstəricisi deyil?
- Daha yaxşı müdafiə xətti görəcəyik. Belə səhvləri düzəltmək olar. Həm Bədavi, həm də Kevin təkbətək mübarizələrdə nadir hallarda uduzurlar. Bəli, səhvlər var idi. Bu da yorğunluqdan irəli gəlir. Orqanizm yorulanda düzgün qərar vermək çətin olur. Daha dəqiq oynamalı düşünməli və bacarmalıdırlar.