“Qarabağ”la oyuna döyüş olacaqmış kimi hazırlaşırıq”: “Molde” rəsmisi

ESTAFET/ “Oyunun harada keçiriləcəyinin hələ də dəqiqləşməməsi işimizi daha da çətinləşdirir. Həm uçuş bileti, həm də otel sifariş edilməlidir. Bu mənada gözləmək vəziyyəti pisləşdirir”. Bunu “Molde” klubunun direktoru Ole Erik Stavrum deyib.

Norveç təmsilçisinin rəsmisi Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” – “Molde” matçının məkanının tezliklə açıqlanacağını söyləyib. O, neytral meydanda oynamaq istəklərini növbəti dəfə dilə gətirib: “Bu gün və ya sabah yekun qərar açıqlanmalıdır. Artıq zamanımız qalmayıb. Bizim tələbimiz Azərbaycana getmək istəməməklə əlaqəli deyil. Sadəcə, mövcud karantin şərtlərinə görə bunu edə bilmirik. “Qarabağ”la oyuna döyüş olacaqmış kimi hazırlaşırıq. Futbolçuların motivasiyasına deyəcək əlavə söz yoxdur”.

Qeyd edək ki, qarşılaşma Bakıya salınsa da, “Molde” klubu Norveçdə karantin şərtlərini əsas gətirərək, UEFA-ya neytral meydan tələbi ilə müraciət edib. Norveçlilərin istəyi qəbul olunsa, “Qarabağ” – “Molde” görüşü Polşa, Kipr, Yunanıstan və ya Macarıstanda keçiriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV