"Norveç hökuməti "Molde"yə sərf edən qərar verdi": "Qarabağ" rəsmisi
ESTAFET/ "Hələ rəsmi məlumat yoxdur. Biz də gözləyirik. Son qərarı UEFA verəcək. Bu gün qitə futbol qurumunda 3 iclas olub. Amma bunların bizim oyunla əlaqəsi yoxdur". Bu fikirləri "Report"a açıqlamasında "Qarabağ"ın baş meneceri Asif Əsgərov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç "Molde"si ilə oyunun harada keçiriləcəyi barədə danışarkən deyib.
Klub rəsmisi bildirib ki, matçın Bakıda oynanılması ədalətli qərar olacaq: "Hər şey UEFA-dan asılıdır. Norveç hökuməti digər komandalar üçün nəzərə aldığı istisnaları "Molde" üçün də etməli idi. Sadəcə özlərinə sərf edən münasib qərar çıxarıblar".
A.Əsgərovun sözlərinə görə, qitə futbol qurumu bu cür hallarda istənilən qərarı verə bilər: "Nə edəcəklərini özlərindən başqa heç kim bilmir. Bir komandaya istisna edilibsə, bu, hamıya şamil olunmalıdır. İkili standart tətbiq edirlərsə, bu artıq onların özlərinə qalıb. UEFA bu amili necə görəcək, nə dərəcədə qiymətləndirəcək, bu, qərardan bilinəcək".
Baş menecer yekun qərarın hər an açıqlana biləcəyini vurğulayıb: "Bu gün də ola bilər, sabah da. Çünki Norveç Futbol Federasiyası yerli hökumətin "Molde"yə istisna tətbiq etməyəcəyini artıq UEFA-ya bildirib. Qurum istisnaları nəzərə almasa, deyəcək ki, neytral məkanda oynayın".
Qeyd edək ki, sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilməli olan "Qarabağ" - "Molde" matçı saat 20:00-a təyin olunub. Norveç klubu Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək qarşılaşmanın neytral meydanda oynanılmasını xahiş etsə də, rədd cavabı almışdı.