Kikboksinq Federasiyasına yeni prezident seçildi
ESTAFET/ Azərbaycan Kikboksinq Federasiyasının idarə heyətinin onlayn iclası keçirilib. İclasda Orxan Əliyev federasiyanın yeni prezidenti seçilib.
Qurumun keçmiş prezidenti, Milli Məclisin vitse-spikeri Adil Əliyev isə fəxri sədr vəzifəsinə gətirilib. Adil Əliyev yeni prezidentə inandığını bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Orxan Əliyev isə ona göstərilən etimadı doğruldacağına söz verib: “Azərbaycan Kikboksinq Federasiyasının prezidenti seçilmək mənim üçün qürurvericidir. Amma eyni zamanda kifayət qədər ciddi və məsuliyyətli bir yükün altına girməyimin fərqindəyəm. Mənə göstərilən etimadı doğrultmağa, federasiyanı daha da irəli aparmağa çalışacağam. Azərbaycan Kiqboksinq Federasiyası ölkədə idmana töhfə verməyə davam edəcək”.
Qeyd edək ki, Orxan Əliyev 1981-ci il iyunun 20-də Qərbi Azərbaycanda anadan olub. 2002-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Özəl sektorda uğurlu fəaliyyət göstərərək, müxtəlif beynəlxalq biznes forumları və konfranslarda Azərbaycanı təmsil edib. O, beynəlxalq idman yarışlarının təşkilatçısı və sponsoru olub.