2 oyun, 2 xal, 2 pillə - Azərbaycan millisindən irəliləyiş
ESTAFET/ Sentyabrın 17-də dərc olunacaq FIFA reytinqi ilə bağlı təxmini cədvəl açıqlanıb. Millətlər Liqasının ilk iki turunun oyunları bir sıra dəyişikliklərə səbəb olacaq.
Bu dəyişikliklər Azərbaycan millisindən də yan ötməyəcək. C liqasının 1-ci qrupunda Lüksemburqa 1:2 hesabı ilə uduzan, ardınca Kiprdə bir qolla qələbə qazanan yığmamız 112-ci pillədə yer alacaq. Canni de Byazinin yetirmələrinin hesabında 1179 xal olacaq.
Bu isə o deməkdir ki, son reytinq cədvəlində 1177 xalla 114-cü olan millimiz 2 oyun keçirdikdən sonra 2 xal əldə edərək 2 pillə irəliləyəcək. Tailandı arxada qoyan yığmamız Nigerlə eyni xala malik olacaq. Afrikalılar da 1177 xalla 112-ci sıranı bölüşəcək.
Komandamızın Millətlər Liqasındakı rəqiblərindən Monteneqro 1376 xalla 63-cü, Lüksemburq 1237 xalla 97-ci, Kipr 1236 xalla 98-ci yerdə qərarlaşacaq. Sonuncular 3 pillə geriləyəcəksə, qrupumuzun iki lideri irəliyə doğru hərəyə bir addım atacaq.
Qeyd edək ki, cədvəlin ilk üç pilləsində dəyişiklik olmayacaq. Belçika (1773), Fransa (1744) və Braziliya (1712) digər yığmalardan öndə qərarlaşacaq. 3 pillə geriləyəcək qonşu Türkiyə millisi 1485 xalla 32-ci yeri Rusiya ilə bölüşəcək. (apasport.az)