Ramin Musayev yenidən PFL prezidenti seçildi
ESTAFET/ Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasının prezidenti postuna növbəti seçki keçirilib. Seçkidə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev və klub nümayəndələri iştirak edirdilər.
Tədbirdə “Qarabağ”ı direktor Emrah Çelikel, “Neftçi” və “Qəbələ”ni müvafiq olaraq prezidentlər Kamran Quliyev və Fariz Nəcəfov, “Keşlə” və “Sabah”ı baş menecerlər Eldəniz Yusubov və Nəsimi Musayev, “Zirə” və “Səbail”i icraçı direktorlar Cahangir Məmmədov və Fərəc Əliyev təmsil edirdi. “Sumqayıt”ı təmsil etməli olan nümayəndə tədbirdə iştirak edə bilməsə də, rəsmi məktubla seçimini indiki prezidentin lehinə edib.
Nəticələrə əsasən Peşəkar Futbol Liqasının hazırki prezidenti Ramin Musayev növbəti 4 ildə də eyni postda fəaliyyət göstərəcək. Belə ki, klub nümayəndələri yekdilliklə Ramin Musayevin yenidən seçilməsinin lehinə səs verdilər.