Ruslan Abışov "Qəbələ" ilə oyuna hazırdır

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının II turunun son matçında "Qəbələ" ilə qarşılaşacaq "Sabah"ın heyətində cəmi bir itki var.

Yay fasiləsində "Sumqayıt"dan transfer edilən və zədədən əziyyət çəkən Aleksey İsayev hələ məşqlərə başlamayıb.

Ondan fərqli olaraq, kapitan Ruslan Abışov artıq sıraya dönüb. 1-ci turda "Qarabağ"la qarşılaşmanı buraxan mərkəz müdafiəçisi milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilə zamanı kollektivə qoşulub və artıq baş məşqçi Visente Qomesin ixtiyarındadır. İspaniyalı mütəxəssis bu gün şans verərsə, Abışov meydana çıxmağa hazırdır.

Qeyd edək ki, "Bank Respublika Arena"da keçiriləcək "Sabah" - "Qəbələ" oyunu saat 19:00-da başlayacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV