"Müdafiədə oturan komanda istəmirəm": Elmar Baxşıyev

ESTAFET/ “İki fərqli hissə izlədik. İlk yarıda bir az istədiyimiz futbolu göstərmədik. İkinci hissədə meydanda istədiyim “Qəbələ” var idi".

Bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının II turunda “Sabah”la keçirilən oyunu dəyərləndirərkən deyib.

Komandasının 0:3 hesabı ilə məğlub olduğu matça münasibət bildirən 40 yaşlı mütəxəssis çatışmazlıqların olduğunu etiraf edib: "Komandaya yeni qoşulanlar var ki, onların heyətə uyğunlaşması üçün zaman lazımdır. Daha yaxşı oyun nümayiş etdirən komanda görəcəyimizə inanıram. Futbolçularımızın hamısına inanırıq. Buraxdığımız fərdi səhvlər göstərir ki, yeni qoşulanlar kollektivə uyğunlaşmayıb və xətlərarası əlaqələr yüksək səviyyədə deyil. İkinci hissədəki oyun çox keyfiyyətli idi".

Baxşıyev "qırmızı-qaralar"ın daim hücum futbolu sərgiləməsini arzuladığını vurğulayıb: "Mən elə oyunun tərəfdarıyam ki, komandam hücum etsin, ön xətdə aktiv olsun. Müdafiədə oturan, oyun ərzində 1-2 hücum edən komanda istəmirəm. Heyətə yeni qoşulan Alemao Utziq çox keyfiyyətli futbolçudur və çempionatın tapıntısı sayıla bilər. Amma bunun üçün onun komandaya uyğunlaşması vacibdir. Bizi avrokuboklardan daha çox heyətin formalaşması maraqlandırır. Bundan sonra iddia da arta bilər. Ötən mövsümlə müqayisədə “Qəbələ” daha da güclənib. Çempionatda daha pozitiv futbol nümayiş etdirəcəyik".

Müəllif: Məsim MƏSİMZADƏ