Tur mərkəzi oyunla Suraxanıda yekunlaşacaq
ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulacaq. Turun son oyun günündə iki matç baş tutacaq.
Ötən tur qazanılan qələbələrlə iddialarını ortaya qoyan “Zirə” və “Sabah” üz-üzə gələcək. Məğlubiyyətsiz irəliləyən Rəşad Sadıqovun yetirmələri ardıcıl ikinci qələbə ilə zirvəni ələ keçirməyə çalışacaq. Visente Qomesin komandası isə rəqibini ötmək, “Sumqayıt”a çatmaq üçün turu itkisiz keçməlidir.
Turun mərkəzi oyunu Suraxanıda təşkil olunacaq. Azərbaycanın iki ən böyük klubu – “Qarabağ”la “Neftçi” çempionat çərçivəsində 80-ci dəfə qarşılaşacaq. Avrokuboklardakı uğursuzluqdan sonra hər iki komanda qələbəyə köklənib. Qurban Qurbanovun yetirmələri liderlik üçün, Füzuli Məmmədovun komandası isə qara zolaqdan çıxmaq üçün mübarizə aparacaq.
Qeyd edək ki, turun ilk iki oyunu dünən keçirilib. “Qəbələ” – “Keşlə” matçında qolsuz bərabərlik qeydə alınıb, “Sumqayıt” isə öz meydanında “Səbail”i 2:1 hesabı ilə məğlub edib.
Azərbaycan Premyer Liqası
III turun oyunları
20 sentyabr 2020
18:00. “Zirə” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu
20:15. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov
“Azersun Arena”