"Hamımız birgə çalışaraq yaxşı nəticələrə imza ata bilərik": Canni de Byazi
ESTAFET/ Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi geniş müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Azərbaycan haqda ilk dəfə nə vaxt eşitdiniz? Ölkəmiz sizdə hansı assosiasiya oyadırdı - Azərbaycanı neft ölkəsi kimi tanıyırdınız, yoxsa vaxtilə "Mixaylo" kimi tanınan azərbaycanlı Mehdi Hüseynzadənin II Dünya Müharibəsində italyan partizanlarıyla çiyin-çiyinə döyüşdüyü zaman eşitmişdiniz?
- AFFA-yla ilk əlaqəm koronavirus pandemiyasından əvvəl olub. Sonra bu virus gəldi, hər şey dayandı, iflic oldu. Daim əlaqədə idik və yekunda baş məşqçiylə bağlı qərar verərək məni seçdilər. Bilirəm ki, siyahıda başqa namizəd məşqçilər də var idi. Seçimi lehimə etmələrinə çox şad oldum. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovla ilk dəfə 6 il əvvəl də Parisdə görüşmüşdüm. Onda mənimlə işbirliyi ilə bağlı danışmaq istəyirdi, ancaq həmin vaxt Albaniya yığmasının baş məşqçisi idim. Bundan sonra deyəsən, yığmanıza Robert Prosineçki gəldi.
- Həmin vaxt ölkəmiz haqda məlumatınız yox idi?
- O vaxtdan tanıyırdım, çünki Albaniya yığmasında futbolçum vardı - Ansi Aqolli. Onun "Qarabağ"da oyununa baxmaq üçün 2014 və ya 2015-ci ildə Bakıya gəlmişəm. Oyunçuya televiziyada da baxmaq olar. Amma mənim üçün ən vacibi hər futbolçunun daxili dünyasına bələd olmaqdır. İki gün paytaxtınızda qaldım. Çox bəyəndim buranı, ilk növbədə də komandaya görə. Çünki "Qarabağ" çox güclü komandadır. Həm də şəhər çox xoşuma gəldi, belə xoş mənzərəni gözləmirdim. Gələcəklə bağlı böyük inkişaf görünürdü.
- Saytımıza ilk müsahibənizdə Bora Millutinoviçlə müqayisə aparmışdıq...
- Bora çox millilərdə işləyib. Böyük təcrübəyə, yüksək keyfiyyətə malik mütəxəssisdir. Vaxtı gələndə mən də onun kimi ola bilərəm. İstərdim ki, mən də Azərbaycanda belə uğura nail olum. Çox çətin bir işdir, ancaq əminəm ki, bu mübarizədə hamımız birgə çalışaraq yaxşı nəticələrə imza ata bilərik.
- Maraqlıdır, Azərbaycan sizi nəylə cəlb elədi? Hər halda, Vətənimiz böyük futbol ölkəsi deyil...
- Həyatda həmişə nəyisə birinci dəfə edirsən - dünyaya gəlirsən, yeriməyə başlayırsan, məktəbə gedirsən, evlənirsən... Hamımız üçün vacib uğurlu başlanğıcdır. Bunu başa düşsək, daha böyük işlər görə bilərik.
- Albaniyada uğur piramidasının bünövrəsini qoyanda təməldə nə dayanırdı? Bu layihəni Azərbaycanda da tətbiq etmək mümkündürmü?
- Ürəyimizdə, beynimizdə böyük bir istək olmalıdır. Buna nail olmaq üçün maksimum dərəcədə çalışmalıyıq. Mənə ən böyük motivasiya verən məqam var - bu günə kimi hamı fikirləşir ki, bu milliylə heç bir nəticəyə nail olmaq mümkün deyil. Hesab edirəm ki, bu, hamımız üçün bir çağırışdır. Hamımız bu işə ürəyimizi versək, istədiyimiz hər şey reallaşa bilər. Təbii ki, buna vaxt lazımdır. Fikrimcə, Azərbaycan milisiylə də uğur qazanmaq olar. Ən əsası, bilək nə qədər gücümüz, istəyimiz var.
- Zamanı geri qaytara bilsəydiniz, Lüksemburqla matçda start heyətində neçə dəyişilik edərdiniz? Və əvəzetmələrdə neçə səhvə yol verdiyinizi düşünürsünüz?
- İndi danışmaq çox asandır. Çünki matç bitib, səhvlər ovuc içindədir. Oyunadək məşqlərdə gördüyün futbolçulardan seçərək əsas heyətlə bağlı düzgün qərar verməyə çalışırsan. Təbii ki, bir az qəribə, gözləmədiyim hal oldu - 1 saatdan çox 10 nəfərlə oynadıq. Özü də belə çətin durumda, çünki mövsümün əvvəlidir və futbolçular hələ optimal kondisiyalarda deyillər. İkinci bir məqam odur ki, bir yoldaşlıq görüşü belə oynamamışdıq. Bu, çox vacib amildir. Ancaq bizdən fərqli olaraq Lüksemburq yığması 6-7 ildir bir yerdə oynayır.
- Bəs, 4-4-2 taktiki düzülüşü doğru seçdiyinizi düşünürsünüz?
- Fikrimcə, o oyun üçün düzgün qərar sayıla bilərdi. 90 dəqiqə belə sxemlə oynamalı idik. Ancaq elə alındı ki, matçın daha çox hissəsini 4-4-1 ilə keçirməli olduq. Azlıqda qalandan sonra oyunumuzu dəyişdik, qol buraxmamaq üçün risk eləmədik. Ancaq yenə də yekunda qapımızda 2 top gördük - biri birindən gülməli.
- Eddi İsrafilovla Dmitri Nazarov pandemiyanı bəhanə gətirərək milliyə gəlməkdən imtina elədilər. Yəqin ki, onlar "qara siyahı"nıza düşüblər. Maraqlıdır, başqa düşənlər də var?
- Məsələyə obyektiv yanaşmaq lazımdır. Bura gəlib qayıdandan sonra 15 gün karantində qalacaqdılar. Təbii ki, bunu gərək nəzərə alasan. Sözsüz ki, mənim üçün ən vacib şey futbolçunun bu millidə oynaması üçün böyük istəyinin olmasıdır. Oynamaq xatirinə yox, bu bayraq, bu gerb, bu milli forma üçün oynamalı, ürəyini verməlidir. Təbii ki, mənim üçün ən vacibi budur.
- Rüfət Dadaşov okeanın o tayında oynasa da, yetərincə məhsuldarlığı ilə seçilir. Yəqin ki, bu hücumçunu tanıyırsınız. Geniş siyahınızda Rufət varmı, yoxsa onun yer almasına zərurət duymursunuz?
- Onu tanıyıram, çox oyununu da görmüşəm. Mən də, köməkçilərim də bütün oyunçuları izləmişik, hərtərəfli analiz eləmişik. Rüfət üçün çətindir - həm məsafə baxımından uzaqdır, həm də ABŞ-da koronavirus pandemiyası ağır keçir. Buna görə onu bu müddətdə çağırmağa risk etmədim. Bir neçə səbəbə görə bura gələ bilməzdi.
- Amma belə qənətə gəldik ki, geniş siyahınızda adı var...
- Milli üçün futbolçumuz, onsuz da azdır, ona görə heç kimin adını silmirik (gülür).
- Soyuq başla analiz etdikdən sonra Mahir Emrelinin qırmızı vərəqəsinə münasibətiniz necədir? Və sizdə bu hücumçuya qəzəb, daxili kin qalıbmı?
- Həmin anda çox əsəbiləşmişdim. Amma elə vəziyyətdir ki, başa düşürəm, təcrübə yığmaq lazımdır. Həyatda hər zaman elə vəziyyətlər olur. Lap adi bir reaksiya idi, ancaq bunun bədəlini bütün komanda ödədi.
- Azərbaycana gəlməzdən əvvəl deyirdiniz ki, futbolçularımızda ilk növbədə mental dəyişiklik lazımdır. Maraqlıdı, 3 gün ərzində Kiprdəki uğurlu matçda mental dəyişiklik baş verdi, yoxsa başqa bir məqam oldu ki, ən azı ilk hissədə görmədiyimiz Azərbaycan yığması gördük?
- Təbii ki, mental dəyişiklik üçün çox işlədik və bunu davam edəcəyik. Əlbəttə, futbolda topa nəzarət çox vacibdir. Əmin olmalıyıq ki, bunları edə bilərik və eləməliyik. Ən əsası da odur ki, özümüzə inam daha çox olmalıdır. Rəqiblərin kimliyinə baxmamalıyıq ki, bizdən çox güclüdürlər. Qabaqcadan fikirləşsək ki, rəqiblərimiz bizdən güclüdürlər, təbii ki, onlar üçün böyük üstünlük olacaq.
- Müəyyən yüksəkliyə tullandıqdan sonra 1 sm belə endikdə, bu, kütlə tərəfindən qəbul edilmir. Artıq Kiprlə bu nümunəni gördük ki, Azərbaycan millisi sən demə, parlaq futbol da oynaya bilirmiş. Bundan sonra qorxmursunuz ki, özünüz-özünüzü peşman edəcəksiniz ki, kaş belə oynamazdıq?
- Həyatımda belə təcrübələr çox olub. Heç nə məni qorxutmur. Fikrimcə, bizim komandada yaxşı keyfiyyət, yaxşı oyunçular var. Hamıya qarşı oynaya bilərik. Ən vacibi odur ki, öyrənməliyik, özünəinamı daha çox artırmalıyıq. Kimə qarşı oynamışıqsa, heç birindən zəif deyilik. Alban həmkarlarınızdan biri Portuqaliya - Albaniya matçı öncəsi soruşdu ki, heç-heçə olsa, razı olarsanmı. Dedim ki, niyə razı olmalıyam, 3 xal yığa bilərəmsə? Xoşbəxtlikdən elə də oldu, udduq oyunu. Həyatda heç vaxt dünənimlə öyünmürəm. Çalışıb bu baxımdan mentalitetimizi dəyişməliyik. Bu gün etdiyimizdən heç vaxt razı qalmamalıyıq. Həmişə çalışıb bir pillə daha üstə qalxmalıyıq. Hər birimiz beyninə bu məqsədi qoysa, bütün komanda səviyyə baxımından inkişaf edəcək.
- Millinin "1 nörmə" məsələsi sizi narahat etmir? Onu nəzərdə tuturuq ki, Emil Balayev millidə yaxşı təsir bağışlasa da, həm ötən turda heç də inamlı çıxışla yadda qalmadı, həm də klubunda daimi oyun praktikası qazanmır. "Qarabağ"da beynəlxalq arenada çərçivə Şahruddin Məhəmmədəliyevə etibar edilir...
- Emil keçən il millidə artıq 5 oyun keçirib. Fikrimcə, beynəlxalq təcrübəsi var, hələ cavandır. Yaxşı perspektivi, keyfiyyətləri var. Təbii ki, qapıçı mövqeyi xüsusidir. Çox yaxşı üç qapıçım var, biri-birindən yaxşıdırlar. Hələ ki, seçim Emilin üzərinə düşüb. Ancaq gələn oyunlar üçün başqalarına da şans tanına bilər. Çalışıb həmişə artırmalı, daha yaxşı oynamalı, bizə daha da çox kömək eləməlidir.
- Ölkədən kənarda azərbaycanlı futbolçu axtarışı gedirmi? Bu yöndə yaxın zamanlarda hansısa yeni sima görə bilərikmi?
- Hamıya baxırıq, başqa çempionatda oynayan futbolçuları da izləyirik. Təbii ki, çalışıb seçimi maksimum dərəcədə artırmalıyıq. Xaricdə oynayan Azərbaycan əsilli bütün futbolçulara baxırıq.
- İki turdan sonra qrupumuzda Monteneqro yığması aşkar favotiridir. Hər iki oyunu səfərdə keçirib, qol buraxmadan qalib gəlib. Sinyor de Byazi, sehrli boxçanızda hansısa bir ədva varmı ki, bundan istifadə edib Monteneqronu da Kiprə yaşatdığınız günə salasınız?
- Bu rəqibimizi də artıq görmüşük - həm Kiprə, həm də Lüksemburqa qarşı. Sözün düzü, ikincilərlə matçda qələbəni heç haqq etmirdilər. 90+2-ci dəqiqədə penaltidən qələbə topunu vurdular. Lüksemburq yığmasının qapıçısının kiçik bir səhvi oldu ki, bundan yararlandılar. Ancaq təbii ki, Avropa klublarında oynayan yaxşı futbolçuları var. Belə baxanda, bizim qrupda ən güclü yığmadır. Amma ora uduzmaq yox, udmaq üçün gedirik. Çalışacağıq buna nail olmaq üçün hər şeyimizi verək.
- İcazə verin, sizə alban jurnalislərin sualını ünvanlayım: Monteneqroda sizi 1 xal qane edəcək?
- Yox-yox. Bunu böyük səslənmək üçün demirəm. Əsas onu istəyirəm ki, futbolçular bu sözlərimdən ruhlansınlar və səfərə inamlı gedib qalib qayıtsınlar. Əlbəttə, ilk növbədə rəqibə hörmət etmək lazımdır. Monteneqro yığması güclü rəqibdir. Ancaq orada 95-ci dəqiqəyədək hər planda diqqətlə oynamalyıq. Əsasən də müdafiə xəttində bunu etməliyik. Və təbii ki, qol vəziyyətlərimizdən yararlanmalıyıq. Məsələn, Kiprdə xeyli epizodu boşa verdik. İstifadə etməsək, bu, bizə baha başa gələcək.
- Sizi daim iş başında görürük. Ancaq bizdən fərqli tək oyunlarda yox, klubların məşqlərində də olursunuz. Maraqlıdır, növbəti siyahınızda yeni neçə futbolçu görə bilərik?
- Hələ bilmirəm. Çox fikirləşirik, namizədlərin hamısını qiymətləndiririk. Ancaq sualınıza dəqiq cavab verə bilmərəm. Onu deyə bilərəm ki, təxmini eyni heyət olacaq, 2-3 dəyişiklər ola bilər.
- İcazənizlə iki futbolçu üzərində dayanım: Camaləddin Xocaniyazov və Ağabala Ramazanov...
- Ağabala son matçlarda oynamayıb. O, əvvəllər millidə oynayıb, 27-28 yaşı var. Fikrimcə, hələ imkanları olacaq. İlk siyahımızda bir az fərqli heyət oldu. Ancaq hamı burada yer ala bilər.
- Maraqlıdır, sizi bu qədər stadionlarda görürük, ancaq hələ də Qəbələdə görməmişik. Hərçənd, bu komanda alt sıralarda olsa da, olduqca maraqlı futbol sərgiləyir...
- Mütləq gedəcəyəm. Sadəcə, eyni vaxtda həm Bakıda, həm də Qəbələdə ola bilmirəm (gülür). “Qəbələ”nin məşqinə də baxacağam, oyununa da. Sözün açığı, keçən həftə getmək istəyirdim. Ancaq bəzi problemlər üzündən alınmadı.
- Neapolda olmusunuz?
- Bəli.
- Tanınmış rus yazıçısı Maksim Qorkinin belə bir ifadəsi var ki, Bakı gecələri Neapol gecələrindən də gözəldir. Bu ifadə çox pafosludur, yoxsa doğrudan da belədir?
- Bu müqayisəni eşitmişəm. Mənim üçün Bakı bulvarı gözəldir, çox gözəldir. Neapolun isə Vezuvisi var. Şəhərlər arasında oxşarlıq var, əsasən də ümumi mənzərəsinə görə. Ola bilər ki, insanları bir az fərqlidir.
- Bəs şəhərlər gözəlliklərinə görə bənzəyir?
- Neapolda əsrarənglik var. Ancaq Bakı müasir tikililər baxımından çox qabaqdadır. Neapolun tarixi abidələri var, çox gözəldir. Orada da bulvar var. Fikirləşirəm ki, iki çox gözəl şəhərdir. Heç biri digərinə paxıllıq etməməlidir (gülür).
- İlk oyundaca himnimiz səslənərkən ifanızda "Azərbaycan, Azərbaycan" sözlərini eşitdik və bildirdiniz ki, himninizi öyrənəcəksiniz. İrəliləyiş var, yoxsa hələ ki, Azərbaycan sözləridir?
- Elə bilirdim alban dili ən çətindir. Ancaq sizin dil, doğrudan da, çox çətin imiş. Bura gəlməmişdən öncə Azərbaycana videosalamım olmuşdu, "tragik" alınmışdı (gülür). Yavaş-yavaş öyrənəcəm dilinizi. Vacib olan budur ki, sözlərinin tərcüməsini bilirəm, mənasını başa düşürəm.
- Uzun illərdir bunun mübarizəsini aparırıq ki, milli futbolçularımız niyə himni oxumurlar? Futbolçularla bu barədə söhbətiniz olub?
- Yox, bunu bilmirdim. O qədər başım qarışmışdı, o qədər ilk matçlara konsentrasiya olmuşdum ki... İstədim himnin o hissəsini oxuyum. Mənə çox xoşdur ki, bunu qeyd edirsiniz. Doğru deyirsiniz, himni oyundan əvvəl oxumaq bir motivasiyadır!
- Evdə yemək bişirməklə aranız necədir? Yoxsa yalnız restoran təamlarından dadırsınız?
- Adətən həmişə evdə yeyirəm.
- Özünüz hazırlayırsınız?
- Bəli, bir gün sizi evimə qonaq çağıracağam, italyan mətbəxini birgə dadarıq. Tipik italyan mətbəxiylə tanış edərəm sizi. Balığı çox sevirəm. Bir də makarondan çox istifadə edirəm, cürbəcür formada hazırlaya bilirəm - pomidorla, ətlə...
- Sevgidən nifrətə bir addımdır - belə bir ifadə var. Cənab de Byazi Azərbaycanda sevgiyə daha yaxındır, yoxsa nifrətə?
- Nə mənada?
- Nəticələr baxımından...
- Albaniyada olanda da demişəm, insanlar başa düşür ki, bir insanın ehtirasla işləməsi nə deməkdir. Bura ona görə gəlməmişəm ki, həyatda nə edəcəyimi bilmirdim. Azərbaycana böyük məqsədlər arxasınca gəlmişəm. İstəyirəm ki, bunu həyata keçirim. Əminəm ki, buna birgə nail ola bilərik. Hamımız istəməliyik - jurnalistlər, futbolçular, assosiasiya, hətta ölkə. Beynəlxalq səviyyədə yaxşı uğur qazansaq, yaxşı vizit vərəqəmiz olacaq. Bunu necə edə bilərik - oyunçularımızı yaxşılaşdırmaq, inkişaf etdirməklə. Əsasən də bu, şüurla bağlıdır.
- Arzu edirəm ki, nəticələrlə sevgiyə daha yaxın olasınız…
- Mən də özümə bunu arzu edirəm. İş üçün bütün varlığımı ortaya qoyuram, heç nəyə qənaət etmərəm. Bax, belədə uğur əldə edə bilərik. (sport24.az)