Stadionun dəyişdirilməsi üçün PFL-ə müraciət edildi
ESTAFET/ “Turan Tovuz” komandası I divizionun ilk turlarında ev oyunlarını öz meydanında keçirə bilməyəcək. Bunu Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman şöbəsinin müdiri Elgiz Abbasov yarışın püşkatma mərasimi zamanı çıxışında bildirib.
Onun sözlərinə görə, Tovuz şəhər stadionunda təmir və tikinti işləri davam etdiyindən, klub rəhbərliyi PFL-ə bununla bağlı müraciət ünvanlayıb: “Koronavirus pandemiyası səbəbindən Tovuzdakı stadionun tikinti işlərində müəyyən yubanma var. Klub rəhbərliyi müraciət etdi ki, ilk turlarda ev oyunu Tovuza təyin olunmasın. PFL hələ ki, bununla bağlı yekun qərarını verməyib”.
Qeyd edək ki, oktyabrın 1-2-də keçiriləcək ilk turda “Turan Tovuz” “Zaqatala”nı qəbul etməlidir.