AMADA-nın sorğusunda hər yeddi nəfərdən birinə dopinq təklif edilib

ESTAFET/ Dopinqin peşəkar idmandakı fəsadları sərhədlərini aşaraq cəmiyyət üçün ciddi problemə çevrilib. Cəmiyyətdə anabolik steroidlərdən istifadənin yayılması və onun fəsadlarına həsr olunmuş mətbuat konfransı keçirilib.

Tədbirdə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli, Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Fərid Mansurov və TƏBİB-in Stasionar Tibbi Xidmətin Təşkili Şöbəsinin müdiri Kəmalə Ağayeva iştirak edib.

Tədbirdə bildirilib ki, dopinqin bir növü olan anabolik steroidlər peşəkar idmanın sərhədlərini aşaraq cəmiyyət üçün ciddi problemə çevrilib. Hazırda dünyada onun qanunsuz dövriyyəsi və satışı genişlənməkdədir. Steroidlərdən istifadənin geniş yayılmasının əsas səbəbi istifadəçilərin qısa müddət ərzində istədikləri bədən quruluşuna sahib olmaq arzusudur. Amma onların əksəriyyəti bu maddələrin fəsadları barədə məlumatsızdır.

Qeyd edək ki, AMADA-nın yaradılması ilə ölkədə peşəkar idmanda daimi dopinq nəzarətinin aparılması təmin edilib. Lakin aparılan araşdırmalar və dünyada baş verən hadisələr göstərir ki, steroidlərdən istifadə ümumilikdə idman sahəsindən kənar çıxaraq ictimai xarakter alıb və artıq bütövlükdə cəmiyyət üçün təhlükə yaradır.

Steroidlərdən mütəmadi istifadə etmək ürək tutması, infarkt, qaraciyər zədələnməsi, böyrək çatışmazlığı, cinsi zəiflik və sonsuzluq, sümük inkişafının dayanması, yaxud anormal sümük böyüməsi kimi ağır və bərpaolunmaz fəsadlar törədir. Bu maddələr bədənin təbii immunitetini zəiflətməklə xərçəng və digər ağır xəstəliklərə tutulma riskini artırır.

Bu problemin əsas məqamlarından biri də bu maddələrin rahat əldə edilməsi imkanıdır. Geniş əhali üçün nəzərdə tutulmuş və insanların sağlamlıq və fiziki hazırlıq üçün üz tutduqları bir sıra finnes mərkəzləri və idman zallarında steroidlər və digər dopinq maddələri satılır və təşviq edilir.

AMADA tərəfindən cavanlar arasında aparılan sorğunun nəticələrində aydın olur ki, hər yeddi respondentdən birinə dopinq təklif edilib, onların 60 faizinə isə bu təklif idman zalında və ya fitnes mərkəzində edilib. Sosial media dövründə cavanlar arasında daha gözəgəlimli bədən quruluşu əldə etmək arzusu getdikcə artır və onlar idman zallarında etibar etdikləri və məsləhət istədikləri bəzi şəxslərin könüllü qurbanlarına çevrilirlər.

Müəllif: Natiq NƏSİROV