“Hamımız əsgərik, döyüşə hazırıq”: Yunis Hüseynov

ESTAFET/ “İlk növbədə əsgərlərimizə uğurlar arzulayıram. Hamımız əsgərik, hamımız döyüşə hazırıq”. Bunu “Keşlə”nin baş məşqçisi Yunis Hüseynov deyib.

Azərbaycan Premyer Liqasının V turunda “Sabah”ın qonağı olan qəsəbə təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

Matçdan sonra keçirilən mətbuat konfransında fikirlərini bölüşən 55 yaşlı mütəxəssis komandasından razı qalıb: “Əzmkar oyunla qələbə qazandıq. İnanıram ki, belə davam edəcəyik. Qarşıda 15 günlük istirahət yaranacaq. Həmin vaxtdan maksimum istifadə etməyə çalışacağıq”.

Hüseynov “Sabah”la qarşılaşmada Rəhman Hacıyevi yarımmüdafiənin mərkəzində oynatmasına da aydınlıq gətirib. O, “Neftçi”dən icarəyə götürülən futbolçunu ilk turlarda məcburiyyətdən cinaha çəkdiyini vurğulayıb: “Rəhman, həqiqətən də, yaxşı təsir bağışladı. Onu bunadək məcburiyyətdən cinaha qoymuşduq. Rəqibə qarşı oyundan asılı olacaq. Kim özünü hansı tərəfdən yaxşı göstərəcəksə, onu da həmin mövqedə oynadacağıq”.

Müəllif: Bəhruz MƏMMƏDOV