“Ölkəmizin mövqeyi bəllidir, Azərbaycanı dəstəkləyirik”: Visente Qomes

ESTAFET/ “Oyun bərabər səviyyədə keçdi. Sadəcə, əks-hücumlar matçın taleyini həll etdi. Biz yararlana bilmədik, rəqib yaxşı istifadə etdi və qələbə qazandı”.
Bunu “Sabah”ın baş məşqçisi Visente Qomes Azərbaycan Premyer Liqasının V turunda “Keşlə” ilə keçirilən oyun barədə danışarkən deyib.
Komandasının 0:2 hesabı ilə məğlub olduğu qarşılaşmadan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran çalışdırıcı tez-tez heyətdə dəyişiklik etməsini zədəlilərin çoxluğu ilə əlaqələndirib: “Heyəti müəyyənləşdirərkən həftə ərzində baş tutan məşqlərin gedişinə baxıram. Fərqli heyətə səbəb zədəlilərin olmasıdır”.
İspaniyalı mütəxəssis cəbhədə baş verən hadisələrə də münasibət bildirib. O, ölkəsinin bu məsələdə Azərbaycanı dəstəklədiyini söyləyib: “Əlbəttə ki, biz idman adamıyıq, bizim və ölkəmizin mövqeyi bəllidir, Azərbaycanı dəstəkləyirik. Müharibə hər zaman can itkisinə səbəb olur”.
