“Qarabağ”ın səfər proqramı müəyyənləşib

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində İsrailin Təl-Əviv “Makkabi”si qarşılaşacaq “Qarabağ”ın Türkiyəyə səfər proqramı müəyyənləşib.

Ağdam təmsilçisi V tur matçının baş tutacağı İstanbula dekabrın 2-də gedəcək.

Komandanı ev oyunu üçün qardaş ölkəyə aparacaq təyyarənin saat 11:00-da Heydər Əliyev Beynəlxalq Hava Limanından hərəkət etməsi gözlənilir. Azərbaycan çempionunun həmin gün qarşılaşmanın oynanılacağı “Başakşəhər Fatih Terim” stadionunda son məşqi olacaq.

“Makkabi” ilə görüşün ertəsi günü Azərbaycan çempionu İstanbuldan Bakıya deyil, birbaşa Qəbələyə yollanacaq. Çünki ağdamlılar dekabrın 6-da Premyer Liqanın XII turunda “Qəbələ”nin qonağı olacaq.

Qeyd edək ki, dekabrın 3-də keçiriləcək “Qarabağ” – “Makkabi” oyunu Bakı vaxtı ilə 21:55-də start götürəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV