Millimiz FIFA reytinqində ili necə başa vuracaq?

ESTAFET/ 2020-ci ilin son FIFA reytinqi dekabrın 10-da açıqlanacaq. Sonuncu dəfə noyabrın 26-da dərc olunan cədvəldən cəmi 14 gün keçəcəyindən və hesabat dövründə yığma səviyyəli oyunların sayının minimuma bərabər olması ciddi dəyişikliklər vəd etmir.

Bu, artıq indidən açıqlanan ehtimallar cədvəlinə əsasən bəllidir. Siyahıda ümumilikdə bir neçə yerdəyişmə gözlənilir. Gələn həftə Qətər 58-ci olan Burkina Fasoya çatacaq, Cibuti və Dominika Banqladeşi keçərək sonuncuları 186-cı sıraya göndərəcək.

Hesabat dövründə heç bir oyun keçirməyəcək Azərbaycan millisinin də xalı və mövqeyi dəyişməz qalacaq. Ötən ay 1180 xalla dünyanın 109-cu olan Canni de Byazinin yetirmələri eyni pillədə qərarlaşacaq. Estoniya ilə şərik olan yığma yenə Baltikyanı ölkə təmsilçisi ilə eyni pillədə yer alacaq.

Qeyd edək ki, Belçika (1780), Fransa (1755) və Braziliya (1743) 2020-ci ili ilk “üçlük”də, qardaş Türkiyə (1487) 32-ci sırada bitirəcək.

Müəllif: Natiq NƏSİROV