"AMADA"NIN YENİ OFİSİ İSTİFADƏYƏ VERİLDİ

ESTAFET/ Bu gün Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) yeni binasının açılış mərasimi keçirilib.


Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov və digər rəsmilər iştirak ediblər.


A.Rəhimov AMADA əməkdaşları ilə tanışlıqdan sonra onları təbrik edib və çox məsuliyyətli işdə çalışdıqlarını bildirib. Onun sözlərinə görə, Azərbaycanın gələcəyi dopinqlə bağlı ola bilməz: “Gün o gün olsun ki, hamınız işsiz qalasınız. Yəni, üzərinizə iş düşməsin. Amma dopinqlə mübarizə zamanı bəzən haqsızlıqlar da müşahidə edirik. Buna qarşı da mübarizə aparmalıyıq. İlk işiniz federasiyalarla birgə olmalıdır”.


O, qısa müddətdə Milli Məclisdə müvafiq qanunun qəbul olunduğunu və qurumun fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını dilə gətirib. Nazir AMADA əməkdaşlarına uğurlar arzulayıb.


Qeyd edək ki, AMADA 2016-cı il dekabrın 23-də təsis edilib. Bu il fevralın 17-də qurum tam fəaliyyətə başlayıb. Agentliyin ştatında 13 əməkdaş, 21 dopinq nəzarəti inspektoru çalışır.  

 

Mənbə: Report