Evdə “Qarabağ”, səfərdə “Neftçi”

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının 2020/21 mövsümünün arxada qalan 13 turunda 51 oyun keçirilib. Bu matçlarda meydan sahibləri 18 qələbə qazanıb, 16 heç-heçə edib və 17 dəfə uduzub. 131 qolun vurulduğu çempionatda evdə oynayan komandalar cüzi üstünlüyə malikdir – 67:64. Orta məhsuldarlıq 2,57-yə bərabərdir.

Ən yaxşı ev komandası “Qarabağ”dır. Ağdamlılar 6 matçda 15 xal toplayıb. Bu göstəricidə ikinci olan “Neftçi” bir oyun çox keçirsə də, 4 xal geridədir. “Zirə” isə 6 matçda 9 xal toplamağı bacarıb.

Səfərdə ən yaxşı nəticə “Neftçi”yə məxsusdur. “Ağ-qaralar” 6 görüşdə 13 xal toplayıb. Bir oyun çox keçirən “Zirə”nin 11 xalı var. “Sumqayıt” isə 8 xalla üçüncüdür. Rəqib meydanında uduzmayan yeganə komanda “Qarabağ” 6 qarşılaşmanın 5-də heç-heçə oynayıb.

4 komanda - “Neftçi”, “Zirə”, “Sabah” və “Keşlə” səfərdə evdəkindən daha çox xal qazanıb. “Sumqayt”da bu rəqəmlər bərabərdir. “Qarabağ”, “Səbail” və “Qəbələ” isə öz meydanında daha uğurlu olub.

Müəllif: Natiq NƏSİROV