"Belə insanın rəhbərliyi altında çalışmaq qürurvericidir": Hacı Əliyev
ESTAFET/ Güləş üzrə yığmalarımız qarşıdan gələn lisenziya turnirlərinə hazırlıqları davam etdirir. Bu il üçün əsas məqsəd Avropa və Dünya Olimpiya Təsnifat turnirlərində Olimpiya Oyunlarına əksər lisenziyaları əldə etmək və Tokio Olimpiadasında uğurla çıxış etməkdir.
Hər zaman olduğu kimi, yığmanın aparıcı üzvlərindən gözləntilər böyükdür. Belə güləşçilərdən biri də Hacı Əliyevdir. 3 qat dünya və 3 qat Avropa çempionu, Rio-2016-nın bürünc medalçısı Azərbaycan Güləş Federasiyasının saytına verdiyi açıqlamada hazırlıqlarla bağlı danışıb:
“Pandemiya ilə əlaqədar 2020-ci ildə yalnız Fərdi Dünya Kubokunda iştirak edə bildim. Ümid edirəm ki, bu il UWW-nin təqvim planında yer alan yarışlarla bağlı hər hansı problem yaranmaz. Bu yarışlara ciddi şəkildə hazırlaşırıq. Məqsədimiz əvvəlcə Olimpiadaya lisenziya qazanmaq, daha sonra isə Tokioda ölkəmizi uğurla təmsil etməkdir”.
Titullu güləşçi baş məşqçi Namiq Abdullayevin rəhbərliyi altında ümidləri doğrultmağa çalışacaqlarını deyib:
“Namiq Abdullayev olimpiya çempionu kimi hər birimizin fəxridir. Onun idmançı karyerası və göstərdiyi xarakter bizim üçün nümunədir. Mən də daxil olmaqla, bir çox idmançının kumiridir. Əlbəttə, belə insanın rəhbərliyi altında çalışmaq qürurvericidir. Yığma komandanın üzvləri onun bilik və bacarığından, təcrübəsindən faydalana bilər. Fürsətdən istifadə edib qeyd edim ki, bu yaxınlarda mətbuatdan çıxan müsahibəm bəzi media orqanlarında yanlış formada şərh olunub. Təəssüf ki, fikirlərim fərqli şəkildə yozulub və bu da məni olduqca məyus etdi Mən heç vaxt Namiq Abdullayevin məşqçilik bacarığına şübhə ilə yanaşmamışam. Belə fikir səsləndirməyim əsla mümkün deyil. Əksinə, inanıram ki, güləşçi kimi adını idman tariximizə yazan Namiq Abdullayev məşqçi kimi də millidə uğur qazanacaq”.”.
Hacı Əliyev sonda azarkeşlərə səslənib: “Güləş ölkəmizə ən çox olimpiya medalı bəxş edən idman növüdür. Ona görə də bizdən gözləntilər böyükdür. Güləşsevərlərə demək istəyirəm ki, Azərbaycan Güləş Federasiyası tərəfindən bütün şərait yaradılıb və təlim-məşq toplanışları ən yüksək səviyyədə davam edir. Qida, məskunlaşma və vitamin təminatı ilə bağlı hər hansı sıxıntıdan söhbət gedə bilməz. Lisenziya turnirlərinə qədər ölkə xaricində də toplanışların da keçirilməsi nəzərdə tutulub. Bütün bu görülən işlərin qarşılığında güləşçilərimizin növbəti dəfə ümidləri doğruldacağına inanıram”.