Çempionatımızın ağsaqqalları

ESTAFET/ Azərbaycan çempionatları tarixinin ən yaşlı futbolçuları müəyyənləşib. Apasport.az saytı təvəllüdü bəlli olan oyunçular arasında rekordçuların siyahısını təqdim edib.

Düzdür, ötən əsrin 90-cı illərində idman mətbuatının az qala yox dərəcəsində olması, həmçinin ölkə çempionatlarının indikindən qat-qat aşağı səviyyədə təşkili səbəbindən həmin dövrdə meydana çıxan bəzi oyunçuların doğum tarixi barədə dəqiq məlumat yoxdur. Təbii ki, müxtəlif mənbələrdə fərqli təvəllüdlə göstərilən, həmçinin zaman keçdikcə “cavanlaşan” “lipalar” da bu yöndə problemlər yaradıb.

Əli Quliyev – 45 yaş
1997/98 mövsümündə Bərdə “Pambıqçı”sında çıxış edən veteran 45 yaşında şans qazanıb. O, təvəllüdü bəlli olanlar arasında Azərbaycan çempionatları tarixinin ən yaşlı oyunçusudur. Quliyev karyerasını sonradan 1-ci liqada da davam etdirib. Hətta 53 yaşında ABN-in heyətində aşağı dəstədə də oynayıb.

Nadir Şükürov - 42 yaş
2008/09 mövsümündə Yevlax “Karvan”ında meydana çıxan qolkiper karyerasını bu klubda başa vurub. Qapıçı mövsümün gedişində 42-ci ad gününü qeyd edib.

Rasim Abışov – 42 yaş
2004/05 mövsümündə uzun fasilədən sonra ölkəyə qayıdan veteran “Xəzər Lənkəran”ın formasını geyinib. O, mövsüm bitəndən az sonra, elə həmin il 42 yaşını qeyd edib.

Elxan Həsənov – 41 yaş
Millimizin sabiq qapıçısı karyerasını 2007/08 mövsümündə başa vurub. Həmin mövsümdə 41 yaşını tamamlayan təcrübəli əlcək sahibi “Keşlə”nin sıralarında olub.

Vaqif Süleymanov – 41 yaş
Futbolçularının uzun müddət yaşıl meydanlarında olması ilə seçilən Bərdə futbolunun daha bir nümayəndəsi 41 yaşında çempionatın iştirakçısı olub. O, 1993/94 mövsümündə komandasının veteranlarından biri kimi diqqət çəkib.

Firudin Paşayev – 41 yaş
İlk milli çempionatın ən yaşlı futbolçularından biri “Ümid”in heyətində oynayıb. Cəlilabad təmsilçisinin veteranı 41 yaşında şans qazanıb.

Müəllif: Estafet.az