Əsrlik seriyaya davam, yoxsa...

ESTAFET/ Futbol üzrə Azərbaycan millisi DÇ-2022-nin seçmə mərhələsində ilk ev oyununa sabah çıxacaq. Yığmamız Bakı Olimpiya Stadionunda Serbiya ilə görüşəcək.
Səfərdə keçirdiyi ilk qarşılaşmada uduzan Canni de Byazinin yetirmələri Avropa zonasının A qrupunun lideri ilə görüşdə xal hesabını açmağa çalışacaq. Milli azsaylı uğurlu seriyalarından birini davam etdirmək üçün mütləq uduzmamalıdır.
Söhbət yığmanın DÇ-nin seçmə mərhələsinin ilk ev oyunlarındakı uğurdan gedir. Özünün 7-ci tsiklinə başlayan milli son 4 mərhələdə öz meydanındakı ilk qarşılaşmada məğlub olmayıb.
Sonuncu yenilgi hələ ötən əsrdə - DÇ-2002-nin ilk ev oyununda yaşanıb. Həmin vaxt İsveç Bakıdan üç xalla ayrılıb.
Sonrakı 4 tsikldən üçündə doğma arenada heç-heçə edən komanda 5 il əvvəl qələbəyə imza atıb. Yığma Norveçi 1 qolla üstələyib.
Ümumiyyətlə, DÇ-lərin seçmə tsikllərinin ilk ev qarşılaşmalarında yığmamız 2 qələbə qazanıb, 3 heç-heçə edib və 1 dəfə uduzub. Maraqlıdır ki, bu görüşlərdə heç bir komanda bir oyuna 2 və ya daha çox qol vurmayıb. (apasport.az)
DÇ-1998
31 avqust 1996. Bakı. DÇ. Azərbaycan – İsveçrə - 1:0
DÇ-2002
2 sentyabr 2000. Bakı. DÇ. Azərbaycan – İsveç – 0:1
DÇ-2006
4 sentyabr 2004. Bakı. DÇ. Azərbaycan – Uels – 1:1
DÇ-2010
10 sentyabr 2008. Bakı. DÇ. Azərbaycan – Lixtenşteyn – 0:0
DÇ-2014
7 sentyabr 2012. Bakı. DÇ. Azərbaycan – İsrail – 1:1
DÇ-2018
8 oktyabr 2016. Bakı. DÇ. Azərbaycan – Norveç – 1:0
