“İnter”lə A seriyasında ardıcıl iki mövsüm ən azı 20 qol vuranlar

ESTAFET/ “İnter” A seriyasında çempionluq həsrətinə və “Yuventus”un hegemonluğuna son qoymağa çox yaxındır. “Neradzurra”nın bu uğurunda hücum cütlüyü olan Romelu Lukaku – Lautaro Martines tandeminin böyük rolu var.
Xüsusən də, birinci vurduğu kritik qollarla milanlılara çempionluq yolunda mühüm qələbələr qazandırıb. Lukaku A seriyasının XXIX turunda “Bolonya” ilə matçda da fərqlənərək, cari mövsümdəki qollarının sayını 20-yə çatdırıb. Ötən mövsüm 23 dəfə fərqlənən belçikalı ardıcıl ikinci mövsümdür ki, 20 qol səddini keçib.
Lukaku “İnter” forması altında ən azı iki mövsüm 20 qola çatan 7-ci futbolçu olub. Bəs digərləri kimlərdir?
1. Cüzeppe Meatsa - 5 mövsüm
İtaliya futbolunun əfsanələrindən Meatsa A seriyasında 20 qol səddini ardıcıl ən çox keçən “İnter”lidir. Əslində o, A seriyası qurulmazdan öncə “neradzurra”nın heyətində 20-dən çox qol vurub. Ancaq həmin mövsüm hesaba alınmayıb.
2. İstcan Nyers - 4 mövsüm
Milan derbilərində “rossonyerlər”i ən çox məyus edən Nyers 1948-1954-cü illərdə “İnter” formasını geyinib. O, 182 matçda 133 qola imza atıb.
3. Mauro İkardi - 2 mövsüm
Argentinalı ilk mövsümündə 9 qolla kifayətlənib. Ancaq sonrakı mövsümlərdə 15-dən az top vurmayıb. İkardi 3 dəfə A seriyasında mövsümü 20-dən çox qolla tamamlayıb. Ancaq 2014/15 mövsümündəki bombardirlikdən sonra fasilə verib, 2016/17 və 2017/18 mövsümlərində bu uğuru yenidən təkrarlayıb.
4. Kristian Vyeri - 2 mövsüm
“Yuventus”, “Milan” və “İnter” formasını geyinən nadir qolçulardan olan Vyeri yalnız “İnter”dəki performansı ilə məşhurlaşdı. Vyeri “neradzurra”dakı 6 mövsümünün hər birində 17 qol səddini keçdi. 2001/02 və 2002/03 mövsümlərində isə rəqib qapıçılarını 20-dən çox məyus edib.
5. Amedeo Amadei - 2 mövsüm
“Roma”nın heyətində 100-dən çox qol vuran 7 oyunçu arasında yer alan Amadei 9 mövsüm paytaxt klubunda çıxış etdikdən sonra “İnter”in yolunu tutub. Milan klubunda cəmi 2 mövsüm çıxış edib və hər ikisində də 20-dən çox qolun müəllifi olub. Ancaq yaşının çox olduğunu bildirərək, onu komandadan göndəriblər.
6. Roberto Boninsenya - 2 mövsüm
DÇ-1970-də finala qədər irəliləyən İtaliya yığmasının üzvü “İnter”dəki 2-ci və 3-cü mövsümlərində 20 qol səddini keçib. 4-cü mövsümündə 12 qolda qalmasaydı, ardıcıl 4 il bunu reallaşdırmış olacaqdı. Çünki 1973/74 mövsümündə də 23 dəfə fərqlənib.
7. Romelu Lukaku - 2 mövsüm
Ötən mövsümün əvvəlində “Mançester Yunayted”dən transfer edilən belçikalı ardıcıl ikinci mövsümündə bütün turnirlərdə 29 qola imza atıb. Ancaq bu uğura baxmayaraq, hələ də A seriyası bombardiri ola bilməyib.
