Fransanın ən məhsuldar 10 qolçusu

ESTAFET/ Son dünya çempionu Fransa yığması AVRO-2020 və DÇ-2022-nin də favoritləri sırasında göstərilir. Komanda DÇ-2022-nin seçmə mərhələsinin ilk 3 oyununda 7 xal toplayaraq yer aldığı qrupa liderlik edir.
Bosniya və Herseqovina ilə son matçda “üçrənglilər”ə qələbə qazandıran qola imza atan Antuan Qrizmann isə Fransa tarixinin ən məhsuldar futbolçuları sıralamasında 4-cü pilləyə yüksəlib. Onun siyahıda irəliləmək üçün imkanının olub-olmadığını zaman göstərəcək.
Fransa millisinin ən məhsuldar “10-luğ”u isə belədir:
1. Tyerri Anri - 51 qol
Fransa tarixinin ən məhsuldar oyunçusu olan Anrini siyahıdakı adlardan hansınınsa keçməsi inandırıcı görünmür. Yalnız Kilian Mbappenin gerilərdən gəlib zirvəyə yüksəlməsi realdır.
2. Olivye Jiru – 44
Jiru, bəlkə də, fransızlar tərəfindən ən çox tənqid olunan hücumçudur. 107 dəfə millinin heyətində çıxış edən “Çelsi”nin üzvünün aktivində 44 qol var.
3. Mişel Platini – 41 qol
Zinəddin Zidanla birlikdə Fransa tarixinin ən güclü iki futbolçusu arasında göstərilən Platini siyahıda 3-cü pillədədir. O, 1976-1987-ci illər ərzində 72 dəfə yığmanın formasını geyinib.
4. Antuan Qrizmann – 35 qol
Fransızların axır illər ən dəyərli qolçusuna çevrilən hazırda da milli karyerasını davam etdirir. Son qolu sayəsində forvard bombardirlər yarışında 4-cü pilləni ələ keçirib. Liderə çatması inandırıcı olmasa da, Platinini geridə qoya bilər.
5. David Trezege - 34 qol
1998-ci ildə dünya, 2000-ci ildə Avropa çempionluğunu qazanan Trezege ikinci turnirin finalında İtaliyanın qapısına yol taparaq komandasına titul qazandırıb. Ona 34 qol vurmaq üçün 71 oyun lazım olub.
6. Zinəddin Zidan - 31 qol
Fransa futbol tarixinin unudulmaz simalarından olan Zidan hazırda “Real”ın baş məşqçisidir. Keçmiş yarımmüdafiəçi 108 oyunda 31 dəfə fərqlənib.
7. Jüst Fonten - 30 qol
Fonten karyerası ərzində cəmi bir dəfə dünya çempionatına qatılıb. Məhz həmin turnirdə də 13 qol vuraraq, hələ də qırılmayan rekorda imza atıb. Onun mundiallarda ən çox qol vurmaq rekordunu sonradan Gerd Müller qırıb. Hazırda isə rekord digər almaniyalı Miroslav Klozeyə (16 qol) məxsusdur.
8. Jan-Pyerr Papin - 30 qol
Papin DÇ-1986-da bürünc medal qazanan heyətin üzvü olub. 54 oyunda 30 qola imza atıb ki, matç sayı baxımından kifayət qədər yüksək göstəricidir.
9. Yuri Corkayeff - 28 qol
1993-cü ildə Fransa yığmasında debüt edən Corkayeff 82 oyunda 28 qola sevinib.
10. Kərim Benzema - 27 qol
Komanda yoldaşı Metyu Valbuenaya qarşı şantaj qalmaqalı səbəbindən 2015-ci ildən bəri Fransa millisinə çağırılmayan Benzema yəqin ki, karyerasının sonuna qədər bu vəziyyəti dəyişməyəcək. “Real”ın qolçusu bu problemlə üzləşməsəydi, bəlkə də, hazırda siyahının ilk “üçlüy”ündə idi. (apasport.az)
