Mariya sertifikat alan ilk idmançı oldu

ESTAFET/ Tokio-2020 Yay Olimpiya Oyunlarına gedəcək idmançılar üçün vacib olan “ADEL for Tokyo 2020 Olympics” (Tokio 2020 üçün ADEL) platforması Azərbaycan dilində istifadəyə verilib.
AMADA-dan verilən məlumata görə, Ümumdünya Antidopinq Agentliyinin tədris platforması olan ADEL tərəfindən hazırlanan bu proqram Olimpiadaya lisenziya qazanan idmançılar və onları müşayiət edəcək idmançı köməkçi heyəti (məşqçi, həkim və s.) üçün nəzərdə tutulan onlayn kursdur.
Kursun məqsədi Oyunlarında dopinq nəzarəti ilə bağlı ən vacib məlumatları onlara çatdırmaqdır. Onlayn kursdan keçənlər Tokio-2020 Yay Olimpiya Oyunlarında antidopinq qaydaları, dopinq nəzarəti prosesi, habelə Terapevtik İstifadə üçün İcazə və dərmanların necə yoxlanılması haqqında məlumat əldə edəcəklər. Bu kurs vasitəsilə idmançılar həm də hüquq və vəzifələri, oyunlar zamanı onların üzərində yurisdiksiyası olan təşkilatlar haqqında biliklərini təkmilləşdirmiş olacaqlar.
İnteraktiv onlayn təhsil kursu bir neçə mərhələdən ibarətdir. Hər mərhələdə iştirakçıya vacib biliklər verilir və yekunda biliklərin yoxlanılması üçün suallar olur. Ümumi sualların 80 faizindən çoxunu düzgün cavablandıran şəxslər kursu müvəffəqiyyətlə tamamlamış olur və elektron sertifikat əldə edir.
Bu platforma idmançıların Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlığının ayrılmaz hissəsidir və idmançıların və onların köməkçi heyətinin kurslardan keçməsi vacibdir. Bunun Tokioya yollanacaq idmançılar üçün əhəmiyyətini nəzərə alaraq, AMADA idmançıların və onların köməkçi heyətinin kurslardan keçməsi üçün bütün lazımi dəstəyi göstərir. Milli güləşçi səkkizqat Avropa çempionu Mariya Stadnik kursu keçərək sertifikatını alan ilk idmançı olub.
