Millimizin 18-cisi
ESTAFET/ Emin Mahmudov Azərbaycan millisinin heyətində ardıcıl ikinci oyunda qol vurub. “Neftçi”nin kapitanı Serbiya ilə DÇ-2022-nin seçmə görüşünün ardınca Türkiyə ilə yoldaşlıq oyununda da fərqlənib.
Yığma hər iki qarşılaşmada – 1:2 hesabı ilə uduzsa da, yarımmüdafiəçi qol seriyası ilə diqqət çəkib. Emin millimizin 29 illik tarixində ən azı 2 ardıcıl matçda qol vuran 18-ci oyunçudur.
Yığmanın rekordu isə Emin Quliyevlə Elvin Məmmədova məxsusdur. Bu oyunçular millinin ardıcıl 3 matçında qol vura bilib. Emin Belarusla iyunun 2-də keçiriləcək görüşdə də qol vursa, rekorda şərik çıxacaq.
Mahmudov da daxil olmaqla 15 futbolçunun seriyası isə yığmanın iki oyununu əhatə edir. Fərrux İsmayılovla Rauf Əliyevin hesabına iki belə mini seriya var.
Branimir Subaşiç, Dmitri Nazarov, Əfran İsmayılov, Fabio Luis Ramim, Mahir Şükürov, Nazim Süleymanov, Qurban Qurbanov, Ramiz Məmmədov, Təmkin Xəlilzadə, Vaqif Cavadov, Vidadi Rzayev, Yunis Hüseynov və Zaur Tağızadə karyeralarında bir dəfə yığmanın iki ardıcıl matçında qola sevinib.