“Neftçi”nin futbolçusu Qvineya yığmasında

ESTAFET/ “Neftçi”nin futbolçusu Mamadu Kane növbəti dəfə Qvineya yığmasına çağırılıb. Baş məşqçi Didye Siksin qarşıdakı yoldaşlıq görüşləri üçün dəvət etdiyi oyunçular arasında “ağ-qaralar”la Azərbaycan çempionu olan yarımmüdafiəçi də var.

Fransalı mütəxəssis ümumilikdə 23 oyunçuya dəvət göndərib. Onlar arasında “Roma”nın yarımmüdafiəçisi Amadu Diavara və “Liverpul”un orta sahə oyunçusu Nabi Keytanın adı diqqət çəkir. Qvineya yığmasının üzvlərinin əksəriyyəti karyerasını Fransada davam etdirir.

Qeyd edək ki, Qvineya millisi 4 yoldaşlıq görüşü keçirəcək. Komanda mayın 31-də İstanbulda Türkiyə ilə, iyunun 5-də Toqo ilə, 8-də Kosovo ilə, 11-də isə Türkiyənin digər şəhəri Antalyada Nigerlə qarşılaşacaq.

Müəllif: Natiq NƏSİROV