OYUNLARÖNCƏSİ MƏTBUAT KONFRANSI
ESTAFET/ Bu gün Bulvar Hotelin Konfrans zalında Bakı 2017 IV İslam Həmrəylik Oyunları öncəsi Mətbuat Konfransı keçirilib. Konfransda Gənclər və idman naziri, yarışların baş icraçı direktoru Azad Rəhimov, İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) baş katibi Faysal Abdul Aziz Əl-Nassar, Oyunların Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Mark Honeybun, Milli Olimpiya Komitəsinin və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə və Oyunların Əməliyyat Komitəsinin katibi Könül Nurullayeva iştirak edirdilər.
Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova media nümayəndələrini salamlayaraq açılış nitqi ilə çıxış etdi. Daha sonra soz nazir Azad Rəhimova verilib.
Azad Rəhimov Bakının İslamiadaya tam hazır olduğunu, bütün dünyanın diqqətinin Azərbaycanda olacağını bildirdi. O yarışların 4 qitədə 50-dən çox ölkədə yayımlanacağını, tamaşaçı auditoriyasının 1,3 milyarda çatacağını vurğulayıb. Nazir eyni zamanda əvvəlcədən gözlənildiyi kimi, 57 ölkə deyil, 54 ölkənin iştirakı haqda da fikirlərini bölüşüb. Belə ki, 3 ölkənin iştirakdan imtinasına məyus olduğunu qeyd etməklə yanaşı, bu ölkələrin imtina üçün ehtimal ki, ciddi səbəblərinin olduğunu qeyd edib.
İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) baş katibi Faysal Abdul Aziz Əl-Nassar Oyunların keçirilməsi üçün hər şeyin çox yüksək səviyyədə təşkil olunduğunu bildirib və bunda əməyi keçən hər kəsə təşəkkürünü bildirib.
Çingiz Hüseynzadə idmançılarımız haqda məlumat verərək qeyd edib ki, ilk dəfədir bir yarışda bu qədər sayda nümayəndə ilə təmsil olunuruq. Belə ki, Azərbaycanın nümayəndə heyəti 500 nəfərdən artıqdı. Vitse prezident proqnoz verməyə çətinlik çəkdiyini, ancaq hədəflərinin ümumi hesabda 1-ci olduğunu qeyd edib.
Könül Nurullayeva indiyədək artıq 46 ölkənin nümayəndələrinin Atletlər kəndində yerləşdiyini, bu gün isə qalan 8 ölkənin gəlişini gözlədiklərini bildirib.