Məşhur gimnast Azərbaycan Velosiped Federasiyasının qonağı olub

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə idmanın inkişafına göstərdikləri xüsusi diqqət və qayğının nəticəsidir ki, hazırda Azərbaycan idmançıları beynəlxalq arenada böyük uğurlara imza atırlar.

Qeyd etmək yerinə düşər ki, bu günlərdə Koreya Respublikasında keçirilən bədii gimnastika üzrə "The Fairy Korea" adlı beynəlxalq turnirdə idmançılarımız 4 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar.

Milli Gimnastika Arenasında təşkil olunmuş bədii gimnastika üzrə I Beynəlxalq “Ocaq” Kuboku yarışı ilə bağlı ölkəmizdə səfərdə olan məşhur bolqarıstanlı keçmiş gimnast, dünya və Avropa çempionu Tanya Stavreva Azərbaycan Velosiped Federasiyasının (AVF) qonağı olub.

Tanınmış idmançını qarşılayan AVF-nin baş katibi Elnarə Musayeva və Respublika Velotrekinin direktoru Tamerlan Salahov onu idman qurğusu ilə yaxından tanış ediblər.

Qonaq yarış treki, BMX meydançası, velosiped boksları, fitnes zalı, velosipedə aid muzey, Respublika Velotrekinin tərkibində fəaliyyət göstərən otel və Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbində olub. O, AVF-nin iş otaqlarına baş çəkərək Federasiyanın əməkadaşları ilə söhbət edib.

E.Musayeva idmançıya AVF-nin fəaliyyəti, əldə olunan uğurlar, qarşıdakı planlar haqqında ətraflı məlumatlar verib.

T.Stavreva səmimi qarşılanmaya və geniş informasiya tutumlu məlumatlara görə minnətdalığını bildirib.

Müəllif: Bəhruz MƏMMƏDOV