Azərbaycan Universitetlərinin Birləşmiş Komandası növbəti qələbəsini qazanıb

Badminton üzrə Azərbaycan Universitetlərinin Birləşmiş Komandası Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında növbəti dəfə gücünü sınayıb.

Nigar Əliyeva (şəxsi) və Rəvan Niftalıyev (şəxsi) rəqibləri ilə yarışdan qalib ayrılıblar. Əliyeva rusiyalı Alyona Konoplevanı üstələyərək (2:0) 1/8 final mərhələsinə adlayıb.

Rəvan Niftalıyev isə əvvəlcə özbəkistanlı Xubaib Məhəmmədi mübarizədən kənarlaşdırıb - 2:0. Növbəti mərhələdə Millimizin digər üzvü Aqil Qəbilovla görüşən Niftalıyev 1:2 hesabı ilə uduzub. Bu nəticədən sonra Qəbilov adını 1/8 finala yazdırıb.

Qeyd edək ki, avqustun 31-dək davam edəcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayırlar.

Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışırlar.

(AZƏRTAC)

Müəllif: Bəhruz MƏMMƏDOV