Dünya yığmasından ardıcıl ikinci məğlubiyyət

ESTAFET/ FIDE tərəfindən təşkil olunan onlayn şahmat üzrə Millətlər kubokunda növbəti turlar keçirilib. 180 min dollar mükafat fondu olan turnirin 4-cü günü VII və VIII turun qarşılaşmaları baş tutub.

Azərbaycan millisinin qrossmeysteri Teymur Rəcəbovun yer aldığı Dünya yığması öncə Hindistanla üz-üzə gəlib. Şahmatçımız Vişvanatan Anandla qarşılaşıb.

Qara fiqurlarla oynayan Teymur yarışda üçüncü məğlubiyyətini alıb. 

Həmyerlimizin komanda yoldaşlarından Alireza Firuzya Santoş Viditə qalib gəlsə də, Xorxe Korinin Pentala Harikrişnaya uduzması, Mariya Muziçukun Harika Dronavali ilə heç-heçə etməsi asiyalıların qələbəsini rəsmiləşdirib – 2,5:1,5. 

Turun digər oyunlarında ABŞ Rusiyaya, Çin Avropa yığmasına eyni hesabla qalib gəlib. 

VIII turda Rəcəbov istirahət edib. Onun komandası ABŞ-a 1:3 hesabı ilə uduzub. Digər matçlarda Çin Rusiyanı 2,5:1,5 hesabı ilə məğlub edibsə, Avropa yığması Hindistanla heç-heçə edib – 2:2. 

8 turdan sonra Çin liderliyini möhkəmlədib – 15 xal. ABŞ 11, Avropa 10, Rusiya və Hindistan 5, Dünya yığması 2 xala malikdir. 

Qeyd edək ki, sabah keçiriləcək IX və X turda Rəcəbovun komandası öncə Rusiya, ardınca Avropa ilə görüşəcək.

Müəllif: Natiq NƏSİROV