Silverstounda Tarixi Qələbə: Lando Norris Doğma Meydanda Parladı

Formula 1 üzrə 2025-ci il dünya çempionatının 12-ci yarışı mövsümün ortasında Britaniyanın Silverstoun avtodromunda baş tutdu. Yarış azarkeşlərin rekord marağı ilə yadda qaldı – həftəsonu ərzində tribunaları 500 min nəfərdən çox tamaşaçı doldurdu ki, bu da F1 tarixində yeni göstəricidir.

Cümə və şənbə günü keçirilən sərbəst yürüşlərdə britaniyalı sürücülər – Lyuis Hemilton və Lando Norris güclü nəticələr göstərsələr də, poul mübarizəsində Maks Ferstappen ("Red Bull") liderliyi ələ aldı. Onun ardınca “McLaren”in gənc sürücüsü Oskar Piastri ikinci yerdə qərarlaşdı. Norris və “Mercedes”dən Corc Rasl ikinci cərgədə, “Ferrari” pilotları isə yalnız üçüncü cərgədə yer ala bildilər.

Bazar günü dəyişkən hava şəraiti komandaların strategiyalarına ciddi təsir göstərdi. Yarış yağış təkərlərində başlasa da, təkər dəyişiklikləri və təhlükəsizlik maşını fasiləsi yarışı tamamilə dəyişdi. Liderliyə yüksələn Piastri 10 saniyəlik cəza alsa da, pit-stop mərhələsində üstünlüyünü qoruya bilmədi. Bu fürsətdən istifadə edən Lando Norris doğma trasda önə keçərək mövsümdə ikinci qələbəsini qazandı.

“McLaren”in hər iki sürücüsünün podiumda yer alması komanda üçün mövsümdə 5-ci dubla çevrildi.

Günün ən böyük sürprizi isə “Sauber”in sürücüsü Niko Hülkenberqdən gəldi. 239 yarışlıq karyerasında ilk dəfə podiuma yüksələn alman pilot həm özünü, həm də komandasını sevindirdi. Bu nəticə “Sauber” üçün 2012-ci ildən sonra ilk podium oldu.

Lyuis Hemiltonun isə 11 illik Silverstounda podium seriyası bu yarışda qırıldı.

Yarış nəticəsində “McLaren” komandası Konstruktorlar Kubokunda liderliyini qorudu. Fərdi təsnifatda isə Oskar Piastri 8 xal fərqlə komanda yoldaşı Lando Norrisi qabaqlayır. Maks Ferstappen sıralamada üçüncü pillədə yer alır.

Formula 1 mövsümü 3 həftəlik fasilədən sonra Belçika (Spa) və Macarıstanda (Budapeşt) keçiriləcək ardıcıl yarışlarla davam edəcək.

Müəllif: Bəhruz MƏMMƏDOV