Məşhur futbolçu ölümlə hədələndi
ESTAFET/ Rusiyanın əfsanəvi futbolçusu Andrey Kançelskis ölümlə hədələnib. 52 yaşlı mütəxəssis özü bununla əlaqədar polisə şikayət edib.
“Mançester Yunayted”in sabiq futbolçusunun dediyinə görə, restoranların birində şam yeməyi zamanı naməlum şəxslər ona yaxınlaşaraq, Özbəkistanın “Navbahor” klubuna qarşı tələblərini azaltmağı tapşırıb. Onlar baş məşqçisi olduğu komandadan ötən il ayrılan və FIFA-ya şikayət edən Kançelskisin 1,6 milyon avroluq borcda endirimə getməsini istəyib.
Həmin şəxslər Andreydən təzminatı 80 min avroya düşürməyi tələb edib və əlaqə saxlamaq üçün ona üzərində telefon nömrəsi yazılan bir kağız veriblər. Hətta bundan imtina edəcəyi təqdirdə, onu öldürmək və ya şikəst etməklə hədələyiblər.
Bu hədədən qorxmayan Kançelskis polisə şikayət edib. Məsələ ilə bağlı araşdırma aparılır.