“Qəbələ” “lipa” oynatdığı üçün texniki məğlubiyyət aldı

ESTAFET/ AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağı yaş qrupları üzrə ölkə çempionatlarının 4 iştirakçısına texniki məğlubiyyət verilib. Buna, xüsusən də, yeniyetmələrin liqalarında rast gəlinib.
U-11 Liqasının UGİM (Astara) – “Zirvə” (Lənkəran) oyununa ikincilər təyin olunan vaxtda yollanmadığı, UGİM (Mingəçevir) – “Uğur” (Mingəçevir) görüşündə isə ev sahibi komanda adı protokolda qeyd olunmayan oyunçunu meydana buraxdığı üçün 0:3 hesablı məğlubiyyətə məruz qalıb.
UGİM-in (Tovuz) heyətində yetərsay olmadığından, U-10 Liqasında “Turan Tovuz”la matç baş tutmayıb. Bu, birincilərin texniki yenilgisinə (0:3) yol açıb.
Yüksək Qızlar Liqasının 8№-li RİOEUGİM – “Qəbələ” FK qarşılaşmasında isə “Qəbələ” yaş limitini pozaraq “lipa” oynatdığı üçün eyni cəza ilə üzləşib.

