“Sumqayıt”dan “96” ilə ayrıldı

ESTAFET/ “Sumqayıt” bu gün yollarını ayırdığı Ayxan Abbasovun baş məşqçiliyi dövründə 96 oyun keçirib. 2018-ci ildən komandaya rəhbərlik edən mütəxəssisin yetirmələri 29 qələbə qazanıb, 26 heç-heçə və 41 dəfə uduzub.

Abbasovun rəhbərliyi altında 91 qol vuran komanda 121 top buraxıb. Bu oyunlardan 79-u Premyer Liqa, 14-ü kubok və 3-ü Avropa Liqasına təsadüf edib.

4 mövsüm ərzində 24 çempionat qələbəsi qazanan Abbasovlu “Sumqayıt” 20 heç-heçə edib və 35 dəfə uduzub. 76 vurulan qolun əvəzində 108 top buraxan komanda 92 xal yığıb. Ən böyük uğur ötən mövsüm qazanılan bürünc medallar olub.

Kubokda final həyəcanı yaşamış Abbasovun yetirmələri 5 qələbə, 5 heç-heçə və 4 məğlubiyyət görüb. 15 qol vuran sumqayıtlılar 9 top buraxıblar.

Avrokuboklarda qələbə və qol sevinci görməyən “Gənclik şəhəri” təmsilçisi 1 heç-heçə edib və 2 dəfə uduzub. Top fərqi isə 0-4-dür.

Qeyd edək ki, bu, mövsümün ikinci istefasıdır. Bunadək “Sabah” Ramin Quliyevi Murad Musayevə dəyişib.

Müəllif: Bəhruz MƏMMƏDOV