"Meydana gəzmək üçün çıxmayacağıq": Yığmamızın qapıçısı

ESTAFET/ “Məşqlərimiz yaxşı keçir. Əhval-ruhiyyəmiz də yaxşıdır”. Bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli deyib.
O, millinin KİV üçün açıq məşqindən öncə jurnalistlərin suallarını cavablandırıb: “Çalışırıq ki, baş məşqçinin dediklərini məşqdə yerinə yetirək. Avropa çempionaytının final mərhələsində 6-cı dəfə çıxış edəcəyik. Rəqiblərimizdən Gürcüstan millisi debütantdır. Ancaq onların zəif olduğunu heç kim düşünməsin”.
Qolkiper AVRO-2022 barədə fikirlərini də açıqlayıb: “Ümumiyyətlə final mərhələsində iştirak edəcək 16 komanda arasında asanlıqla məğlub ediləcək komanda yoxdur. Sadəcə, bizim təcrübəmiz onlardan daha çoxdur”.
Bosniya və Herseqovinaya gəldikdə, onlara qarşı bir dəfə - 4-5 il əvvəl oynamışıq. Həmin görüş Bakıda keçirilib və qələbə qazanmışdıq. Ancaq oyun kifayət qədər çətin keçmişdi. İspaniya millisinin gücü isə hər kəsə məlumdur. Lakin biz meydana gəzmək üçün çıxmayacağıq. Ümumiyyətlə, onlara qarşı hər zaman daha yaxşı konsantrasiya olmuşuq. Çalışacağıq bu dəfə meydandan xalla ayrılaq.
Hüseynli Ukrayna ilə qarşıdakı yoxlama oyunları barədə də danışıb: “Ukrayna millisinə gəldikdə, 2 ay əvvəl onların çempionuna qarşı oynadıq. Oyun üslubu demək olar, eynidir. Həmin klubun 3 üzvü də millidə iştirak edəcək. Oyun əhəmiyyətlidir. Avropa çempionatının final mərhələsinin marafonu bizim üçün bu görüşlə başlayacaq. Hər bir oyunun təyinatı var. Yoldaşlıq oyunu olmasından asılı olmayaraq qələbə əlavə stimul verir. Ukrayna ilə matçda da hesab önəmli olacaq, qələbə bizə reytinq xalları qazandıracaq. Amma tapşırıqları baş məşqçi verir. Çox güman, final mərhələsinin oyunlarında istifadə edəcəyimiz taktiki gedişləri, “ev tapşırıq”larını bu görüşlərdə sınayacağıq”.
