Cüdoçumuz Avropa Kubokunun sahibi oldu

ESTAFET/ Yunanıstanın paytaxtı Afinada keçirilən gənclər arasında Avropa kuboku turnirində cüdoçumuz Məhərrəm İmamverdiyev qızıl medal qazanıb.

81 kiloqram çəki dərəcəsində yarışan təmsilçimiz ardıcıl olaraq yunan, serb və çex cüdoçular üzərində qələbələrlə finala çıxıb. Burada da qələbə seriyasını davam etdirərək, ukraynalı rəqibi Stanislav Korçemlyukdan üstün olub.

Qeyd edək ki, ölkəmizi turnirdə gənc oğlanlardan ibarət yığma komandanın baş məşqçisi Elxan Məmmədov və gənc qızlardan ibarət yığma komandanın məşqçisi Vüqar Hüseynovun rəhbərliyi altında 20 cüdoçu təmsil edir.

Bu gün başa çatacaq yarışa dünyanın 27 ölkəsindən 300 idmançı qatılıb.

Müəllif: Natiq NƏSİROV