Ciddədə baş verənlər Formula 1

ESTAFET/ Səudiyyə Ərəbistanındakı son yarışdan cəmi 3 ay keçsə də, F1 və dünyada çox şey dəyişilib. Dekabrda Ciddədə tras kənarında sakitçilik idisə də, bu dəfə iştirakçıları ciddi narahat edən məqamlar olub.ilk sərbəst yürüşlərdən sonra yəmənli husilər trasın yaxınlığında olan Aramco-nun neft bazasına raketlə hücum ediblər. Cümə günü əvvəlcə F1 və FIA rəhbərliyinin komanda başçıları və sürücülərlə brifinqində hər şeyin proqrama uyğun davam etməsi razılaşdırılsa da, sürücülər gecə yenidən yığışıblar. Onlar yalnız təhlükəsizlik barədə söz verildikdən sonra yarışmağa razılıq veriblər.

Hər üç sərbəst yürüşlərdə protokollara başçılıq edən sürücü Şarl Lekler olub. Maks Ferstappen ona ən yaxın nəticələri göstərib. Sıralanma turunda isə Serxio Peres karyerasında ilk poulun sahibi olub. Mik Şumaxer təsnifat mərhələsindəki ağır qəzaya görə yarışı buraxmalı olub. Niko Hülkenberq bu həftə də koronavirusa yoluxmuş Sebastyan Fetteli əvəz edib.

Daniel Rikkardo sıralanma turunda Esteban Okonu blokladığı üçün startda 3 yer itirib. Tsunoda dünən yanacaq sistemindəki probleminə görə çıxış edə bilməsə də starta buraxılıb, lakin yarışdan əvvəl transmissiya problemi ilə qarşılaşıb və yarışda iştirak edə bilməyib.

Pirelli buraya keçənilki kimi orta üçlüyü – C2, C3 və C4 tərkiblərini gətirib. Həftəsonunun ən yumşaq tərkibi çox tez yeyildiyi üçün yarışda heç kim onu seçməyib. Bu il startlarda təkər seçimi sərbəstdir. Maqnussen, Həmilton və Hülkenberq sərt, qalan bütün sürücülər isə orta tərkibləri seçiblər.

Yarışa ilk cərgədən Peres və Lekler, ikinci cərgədən Sayns və Ferstappen, üçüncü cərgədən isə Okon və Rassell başlayıblar.

Peres startda yerini qoruyub, Ferstappen Saynsı üstələyib. Həmilton Elbonu, Maqnussen və Norris isə Qaslini üstələyiblər. Çjou Rikkardo ilə təmasdan sonra ən geriyə düşüb. 2-ci dövrədən sonra ilk onluq: Peres – Lekler – Ferstappen – Sayns – Okon – Rassell – Alonso – Bottas – Maqnussen – Norris.

Rassell 4-cü dövrədə Okonu keçib, Çjou isə Hülkenberq və Elbonu geridə qoyub. Alonso komanda yoldaşına ardıcıl hücumlar edib və 7-ci dövrədə onu keçməyə nail olub. Bir dövrə sonra Okon Alonsonu ötsə də, trasdan çıxdığı üçün mövqeyini qaytarmalı olub. Bottas və Maqnussen onları arxadan izləyib.

Həmilton Stroll və Norrislə mübarizələrdən qalib ayrılıb. Kanadalı sürücü daha sonra Çjou və Hülkenberqə də keçilib. Stüardlar Çjouya trasdan çıxaraq üstünlük əldə etməsinə baxmayaraq, yerini geri qaytarmadığı üçün 5 saniyəlik cəza veriblər. Alpine sürücülərinə bir-biriləri ilə mübarizə aparmamağı bildirib, Bottas dərhal Okonu ötüb.

Həmilton 14-cü dövrədə Qaslini qabaqlayıb, Stroll və Elbon ilk pit-stopları edən sürücülər olublar. Növbəti 2 dövrədə lider gedən Peres və Qasli pit-stop ediblər, Serxio trasa 5-ci yerdə qayıdıb. Lakin erkən pit-stopa görə bəxtləri gətirməyib. Latifi 16-cı dövrədə son döngənin çıxışında qəza edib və Təhlükəsizlik Maşını trasa daxil olub. Medium təkərlərlə çıxış edən sürücülər dərhal pit-stop edərək onları yarışın sonuna qədər daşıyacaq Hard təkərlərə keçiblər. Maqnussen, Həmilton və Hülkenberq isə trasda qalıblar.

Sayns pit-stopdan çıxarkən TM xəttində irəlidə olsa da, Peres onu keçib. Stüardlar bu məsələ ilə məşğul olublar. Lekler yarışın lideri kimi traa qayıdıb. TC arxasında ilk onluq: Lekler – Ferstappen – Peres – Sayns – Rassell – Maqnussen – Həmilton – Alonso – Hülkenberq – Bottas.

Restart 20-ci dövrədə elan edilib, Lekler yerini qoruyub. Peres komandanın tapşırığı ilə yerini Saynsa verib. Həmilton 24-cü dövrədə Maqnusseni qabaqlasa da, danimarkalı sürücü əks hücumla yenidən önə keçib. Bottas isə Hülkenberqi keçib. Lyuis bir dövrə sonra Kevini bir daha üstələyib. Okon və Rikkardo isə Hülkenberqi geridə qoyub. Çjou pit-stop zamanı cəzasını ödəyərkən 5 saniyədən az dayanıb, buna görə də pit-leyndən keçmək cəzasını alıb və 28-ci dövrədə bunu ödəyib. Norris və Qasli Hülkenberqi keçib.

Alonso 35-ci dövrədə Maqnusseni ötüb. Lekler Maksa DRS zonasına düşmək imkanı verməyib. Bottas 36-cı dövrədə təkərlərini dəyişib. Alonso motor güc itirdiyi üçün kəskin yavaşlayıb, boksa qayıtmağa çalışıb, lakin maşın sona qədər getməyib. Bir qədər sonra isə Rikkardonun maşınında da problem meydana çıxıb. Bu anda Bottas da boksa gəlib və yarışı yarımçıq saxlayıb. Virtual Təhlükəsizlik Maşını rejimi elan edilib. Maqnussen və Hülkenberq cəld tərpənərək yeni təkərlərə keçə biliblər, lakin bir qədər sonra pit yolunun girişi Rikkardo və Alonsonun bolidlərinin orada dayanmasına görə bağlı elan edilib və Həmilton pit-stop edə bilməyib.

41-ci dövrədə mübarizə yenidən başlayıb, Həmilton pit-stopdan sonra 12-ci yerə düşüb. Maqnussen Elbonu ötüb. Ferstappen fərqi azaldaraq 42-ci dövrədə düzlüyün sonunda önə keçsə də, Şarl dərhal yerini qaytara bilib. 43-cü dövrədə yenə hücum cəhdi olub, lakin DRS-in deteksiya nöqtəsində hər iki sürücü arxada ola bilmək üçün kəskin yavaşlayıb. Maks əyləcləri soyutmaq üçün rəqibini bir qədər irəli buraxmalı olub.

Maqnussen Strollu da qabaqlayıb, Həmilton isə öncə Elbonu, sonra da Strollu keçib. Ferstappen istəyinə 47-ci dövrədə nail olub. Onun liderliyə yüksəlməsinə Leklerin cavabı sürətli dövrə olsa da, yenidən mövqeyini bərpa edə bilməyib. Elbon 49-cu dövrədə Ləns ilə mübarizədə təkəri deşildiyi üçün dayanmalı olub və sarı bayraqlar dalğalanıb. Sarı bayraqlar altında Sayns, Peres və Maqnussen kifayət qədər yavaşlamadıqları üçün stüardlar tərəfindən araşdırılıblar, lakin heç kim cəzalandırılmayıb.

Maks Ferstappen mövsümdə ilk, karyerasında 21-ci qələbəsini əldə edib. Niderlandlı sürücü qələbə sayında Mika Hakkineni geridə qoyub və Kimi Rəykkönenə çatıb. Şarl Lekler ikinci olub, Karlos Sayns podiumun son pilləsini tutub.

Çempionatda mübarizə 2 həftə sonra bir neçə illik fasilədən sonra Formula1-i qəbul edəcək yenilənmiş Melburn trasında davam edəcək…(f-1.az)

Müəllif: Natiq NƏSİROV