"Azərbaycana gəlmək çoxdankı arzum idi": Rafael Fiziyev
ESTAFET/ "Məni Azərbaycana Gənclər və İdman Nazirliyi dəvət edib. Azərbaycana gəlmək çoxdankı arzum idi. Buranı görməyi çox istəyirdim".
Bunu Bakıda səfərdə olan Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Fiziyev aprelin 13-də təşkil olunan mətbuat konfransında deyib.
İyirmi doqquz yaşlı UFC döyüşçüsü Azərbaycana səfərindən məmnunluğunu ifadə edib: “Bakıda olduğum üçün xoşbəxtəm. Çox gözəl və təmiz şəhərdir. Şəhərdə doğmalıq hiss etdim”.
Koronavirusa görə sonuncu döyüşünü buraxan idmançı hazırkı vəziyyəti haqqında da danışıb: “Artıq bərpa olunmuşam. Hər şey normaldır. Növbəti döyüşlərə hazırlaşıram”.
R.Fiziyev bildirib ki, Bakıda azarkeşlərim çoxdur. Ancaq burada döyüş keçirmək məndən asılı məsələ deyil. Azərbaycanda yaxşı idmançılar var. MMA-nın inkişafı üçün beynəlxalq standartlara cavab verən bazalar mövcuddur. Azərbaycanda yaxşı güləşçilər və cüdoçuların olduğunu deyə bilərəm. Hansı ki, onlar kifayət qədər titullar qazanıblar. MMA-da isə Tofiq Musayev və Nəriman Abbasovun adlarını çəkə bilərəm. Onlar Rusiyada çoxlu qələbə əldə ediblər. İnanıram ki, bu idman növü Azərbaycanda daha da inkişaf edəcək. (AZƏRTAC)