Azərbaycanlı idmançı Slovakiyada keçirilən qaydasız döyüş yarışında qalib gəlib

Slovakiyanın Povajska-Bistritsa şəhərində keçirilmiş “Real Fight Arena” (RFA 12 Free Prelims) üzrə seçmə oyununda MMA üzrə peşəkar azərbaycanlı idmançı Yüksəl İbrahimov növbəti uğur qazanıb.

Həmyerlimiz Qırğızıstandan olan rəqibini I raundda texniki nokautla məğlub edib. O, qələbəsinin elan edilməsi zamanı Azərbaycan bayrağını dalğalandırıb.  

Qeyd edək ki, bu, idmançımızın RFA-da ardıcıl ikinci qələbəsidir.

Yüksəl İbrahimov 22 iyun 1995-ci ildə Azərbaycanın Tovuz şəhərində anadan olub. Peşəkar K-1 və MMA döyüşçüsüdür. 2019-cu ildən etibarən Slovakiyada qaydasız döyüş, boksinq və kikboksinq üzrə dərs deyir. Eyni zamanda K-1 və MMA üzrə yarışlarda iştirak edir.

Diasporla İş üzrə Dövlət Komitəsi idmançımızı növbəti qələbəsi münasibətilə təbrik edir və gələcək karyerasında daha böyük uğurlara nail olmasını arzulayır.

Müəllif: Bəhruz MƏMMƏDOV