“Bu oyunla avrokuboka gedə bilmərik”: Murad Musayev

ESTAFET/ “Matç ərzində böyük üstünlüyə sahib idik”. Bunu “Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının XXIII turunda “Neftçi”yə 0:1 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib.

Qarşılaşmadan sonrakı mətbuat konfransında rusiyalı mütəxəssis fikrini bu sözlərlə davam etdirib: “Rəqib bütün komanda şəklində öz cərimə meydançasında müdafiə olundu. Avtoqoldan sonra 90 dəqiqə müdafiədə oturdular. Səfərə gələndə qarşılıqlı şəkildə futbol oynamaq istəyirsən. Meydançada bu gün gördüklərimiz çox qəribə idi. Amma öz oyunçularıma təşəkkür etmək istəyirəm. Bütün güclərini meydançada qoydular”.

Çalışdırıcı sayılmayan qollarının qaydalar çərçivəsində vurulduğunu iddia edib. O, baş hakim Kamal Umudlunun idarəçiliyindən narazı qalıb: “Düşünürəm ki, təmiz qolumuzu əlimizdən aldılar. Həmin epizodda heç bir cərimə yox idi. Matç ərzində çox dəyişikliklər oldu, həkimlər meydana daxil oldu, çoxlu dayanmalar oldu. Ancaq baş hakim cəmi 3 dəqiqə əlavə etdi. Bu hakim “Sabah”dakı ilk oyunumu da idarə etmişdi. Hesab 3:1 olarkən 46-cı dəqiqədə heç nədən Kamaranı meydandan qovmuşdu. Rəqibin qapısına da təmiz penaltini verməmişdi. Oyunu öz istədiyi kimi idarə edir”.

O, komandasının ilk yarıda zəif təsir bağışlaması fikri ilə razılaşmayıb: “Zəif oynamağımızla bağlı fikirlə razı deyiləm. Rəqib qoldan başqa, birinci hissədə bir dəfə də qol vəziyyəti yaratmadı”.

Murad Musayev avrokuboklara iddialarını davam etdirdiklərini sözlərinə əlavə edib: “Avrokuboklarda çıxış etməyi çox istəyirik. Ancaq bugünkü oyunla avrokuboka gedə bilmərik. Əlimizdən nə gəlirsə edirik. Hər şeyə mayın sonunda bəlli olacaq”. (apasport.az)

Müəllif: Zaur HACIYEV