"Çox sevinirəm ki, bundan sonra doğma Azərbaycan bayrağı altında yarışlara qatılacağam": Səid Mollayi
ESTAFET/ Azərbaycan cüdo yığmasına yeni legioner qatılıb. Belə ki, İran əsilli Monqolustan cüdoçusu Səid Mollayi artıq Azərbaycan millisində çıxış edəcək.
Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən verilən məlumata görə, Beynəlxalq Cüdo Federasiyası (IJF) Olimpiya oyunlarının gümüş mükaftaçısı və dünya çempionunun mayın 2-dən etibarən Azərbaycan bayrağı altında mübarizə aparmasına rəsmi razılıq verib.
IJF-in qəbul etdiyi yeni idman qaydalarına əsasən, idmançı çıxış etdiyi ölkəni dəyişərkən əvvəllər olduğu kimi, onun reytinq xalları sıfırlanmayacaq. Bu qaydaya əsasən, Səid Mollayi hazırda malik olduğu reytinq xallarını qoruyub saxlayacaq. O, 81 kq çəki dərəcəsində dünya reytinqində 7-ci yerdə gedir.
Mollayinin sözlərinə görə, Azərbaycan bayrağı altında çıxış etmək onun ən böyük arzularından biri idi: “Ona görə Monqolustan Cüdo Assosiasiyası ilə müqaviləm bitdikdən sonra özüm ilk təşəbbüsü göstərərək ACF-ə müraciət etdim və Azərbaycan adından çıxış etmək niyyətimi bildirdim. Çox sevinirəm ki, bundan sonra doğma Azərbaycan bayrağı altında yarışlara qatılacağam. Qarşıda bizi dünya və Avropa çempionatları, 2024-cü ildə Paris Yay Olimpiya Oyunları gözləyir. Vaxtımız azdır, əlimdən gələni edəcəyəm ki, yüksək nəticə göstərim və bayrağımızı yüksəklərə qaldırım”.
Qeyd edək ki, Səid Mollayi 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının qalibi olub. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında isə gümüş medal qazanıb. Bundan əlavə, Səid müxtəlif illərdə Asiya Oyunlarında və çempionatlarında, “Böyük Dəbilqə” turnirlərində və digər nüfuzlu beynəlxalq yarışlarda qalib və mükafatçı olub.