Federasiya rəsmisi yeni legioner haqda danışdı
ESTAFET/ Xəbər verdiyimiz kimi, İran əsilli Səid Mollayi kişilərdən ibarət Azərbaycan cüdo yığmasının heyətinə qatılıb. Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullu titullu idmançının milliləşdirilməsinə münasibət bildirib. O, bununla 81 kq-dakı problemin həll edildiyini düşünür:
“81 kq kişilərdən ibarət Azərbaycan millisində problemli çəki dərəcəsi hesab edilirdi. Bu çəki dərəcəsində çoxsaylı ümidverici idmançılarımız olsa da, təəssüf ki, yüksək səviyyəli yarışlarda Olimpiya çempionumuz Elnur Məmmədlidən sonra mükafat qazanan olmamışdı. Səid 81 kq çəkidə dünyanın aparıcı cüdoçularından hesab edilir və onun milli komandamıza qatılmağı ilə bu problemi qısa müddət üçün aradan qaldırmağa nail olmağı hədəfləyirik. Eyni zamanda hesab edirik ki, Səid kimi intizamlı və zəngin təcrübəyə malik olan idmançının millidə olması 81 kq çəki dərəcəsində rəqabəti artırmaqla yanaşı, istedadlı və gənc idmançılarımızın inkişafına da müsbət təsir göstərəcək”.
Qeyd edək ki, Səid Mollayi 2018-ci ildə Bakıda keçirilən dünya çempionatının qalibi olub. O, Tokio-2020 Yay Olimpiya Oyunlarında isə gümüş medal qazanıb. Bundan əlavə, Səid müxtəlif illərdə Asiya Oyunlarında və çempionatlarında, “Böyük Dəbilqə” turnirlərində və digər nüfuzlu beynəlxalq yarışlarda qalib və mükafatçı olub.