Məzahir Süleymanzadə vəfat edib

ESTAFET/ Görkəmli yazıçı-jurnalist, fəxri bədən tərbiyəsi və idman xadimi, əməkdar mədəniyyət işçisi, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin sədr müavini, Bakı Futbol Federasiyasının vitse-prezidenti, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının üzvü Məzahir Süleymanzadə ömrünün 70-ci ilində vəfat edib.

Məzahir Süleymanzadə 1952-ci il dekabrın 22-si Bakı şəhərində dünyaya gəlib.

1970-ci ildə Şamaxı şəhəri 1 saylı orta məktəbi bitirib. Ötən əsrin 70-ci illərinin əvvələrində Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinə rəhbərlik etmiş jurnalist Zaqafqaziya Hərbi Dairəsinin Tbilisidəki Ali Hərbi Müxbirlər məktəbini, Lvov Ali Hərbi-Siyasi Məktəbinin jurnalistika fakultəsini bitirib. 1974-1979-cu illərdə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb.

Müxtəlif illərdə «Leninskoe znamya», «Krasnaya zvezda», «İdman» - «Sport» qəzetlərində, «Sovetski voin» jurnalında çalışıb, "AFFA News" qəzetinin baş redaktoru, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. «Kommunist» qəzetində baş müxbir, məsul katib və redaktor müavini vəzifələrini tutub.

1989-cu ildə müstəqil Azərbaycan mətbuatının ilklərindən sayılan «Səhər» qəzetini təsis edib.

1990-cı ilin qanlı yanvar hadisələrindən sonra Məzahir Süleymanzadənin təşəbbüsü ilə sahibi olduğu "Səhər" qəzetinin bu misilsiz faciəyə həsr edilmiş xüsusi buraxılışı rekord sayda - milyonlarla tirajla çap edilib və xalqımıza pulsuz paylanılıb. M.Süleymanzadə həmçinin çoxsaylı kitabların müəllifidir.

1984-1994-cü illərdə «Qızıl qələm», «Həsən bəy Zərdabi», «Mirzə Cəlil», həmçinin «Araz» Ali mükafatına layiq görülüb, 1989-cu ildə Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunub. Jurnalist 2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülüb.

Məzahir Süleymanzadənin əziz xatirəsi onun tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Müəllif: Natiq NƏSİROV