“Neftçi” braziliyalı hücumçusunu göndərir

ESTAFET/ Çempionluq titulunu itirən “Neftçi” mövsümün sonunda heyətində təmizləmə işləri aparacaq. Bakı klubu yola salacağı oyunçuları bir-bir müəyyənləşdirir.

“Ağ-qaralar”, xüsusən də, hücum xəttində ciddi dəyişiklik edəcək. Mirabdulla Abbasovdan sonra braziliyalı forvard Ramon Maçado da növbəti mövsüm üçün heyətdə düşünülmür. Hücumçu axtarışında olan rəhbərlik yeni transferlərin gəlişi ilə müqaviləsi mövsümün sonuna qədər olan Maçadonu yola salacaq. Hücumun yeni oyunçularla güclənməsi 31 yaşlı “sambaçı”nın Azərbaycanı tərk etməsinə səbəb olacaq.

Həmçinin əsas komandaya düşə bilməyən bir neçə gənc oyunçunun icarəyə verilməsi nəzərdə tutulur. Daha çox əvəzedici heyətdə çıxış edən müdafiəçi Vüsal Əsgərov və yarımmüdafiəçi Ramin Nəsirli də çox güman ki, növbəti mövsümü “Neftçi”də keçirməyəcək.

Mövsümün əvvəlində “Sumqayıt”dan transfer edilən yarımmüdafiəçi Xəyal Nəcəfovun taleyi isə yerli transferlərdən asılı olacaq.

Qeyd edək ki, Ramon Maçado cari mövsüm “Neftçi”nin heyətində 26 oyun keçirib, 6 qola imza atıb.

Müəllif: Bəhruz MƏMMƏDOV