Federasiya prezidenti xarici nümayəndə heyətini qəbul edib

ESTAFET/ Mayın 13-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev Federasiyanın inzibati binasında Monqolustan Gimnastika Federasiyasının icraçı direktoru, baş katibi Yeruulbat Galbadrakh,  Monqolustan İdman Korporasiyasının baş icraçı direktoru Khosbayar Bat-Erdene və Monqolustan İdman Korporasiyasının idman direktoru Ankhbayar Ayar ilə görüşüb.

Respublika Velotrekində idmançılar üçün yaradılmış şəraitlə tanış olan qonaqlara ölkəmizin zəngin idman ənənələri, Azərbaycanda idmanın inkişafı, idmançılarımızın beynəlxalq arenalarda əldə etdikləri uğurlu nailiyyətlərlə bağlı məlumatlar verilib və bildirilib ki, dünyanın ən nüfuzlu yarışları Azərbaycanda yüksək peşəkarlıq və uğurla təşkil edilir.

Qonaqlarla qarşılıqlı əməkdaşlıq barədə müzakirələr aparılıb. Öz növbəsində monqolustanlı idman rəsmiləri Azərbaycanda olmaqdan, ölkəmizdə dövlət tərəfindən idmana xüsusi diqqət göstərilməsindən, idmançılar üçün yaradılan şəraitdən çox məmnun olduqlarını bildiriblər və qonaqpərvərliyə görə minnətdarlıqlarını çatdırıblar. Görüşün sonunda xatirə şəkli çəkdirilib.

Müəllif: Zaur HACIYEV