Kyellini MLS klubuna keçir
ESTAFET/ “Yuventus”un müdafiəçisi Corco Kyellini ABŞ-a köçməyə hazırlaşır. 37 yaşlı futbolçu “Los Anceles Qalaksi”dən təklif alıb.
İtaliya millisinin üzvü MLS təmsilçisi ilə danışıqlara başlayıb. Amerika klubu ona 2023-cü ilin dekabrına qədər müqavilə təklif edib. Ulduz futbolçu özü İtaliya kubokunun “İnter”lə final oyunundan (2:4) sonra yayda “qoca sinyora”nı tərk edəcəyini açıqlayıb. MLS-də çıxış edən “İnter Mayami” də onun xidmətində maraqlıdır.
Qeyd edək ki, Corco Kyellini 2004-cü ildən “Yuventus”un formasını geyinir.