Mətin Rəhimli cüdo idman növü üzrə “A” kateqoriyalı hakim statusu qazandı
ESTAFET/ 10-15 may 2022-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində Beynəlxalq Cüdo Federasiyası (BCF) tərəfindən hakimlər üçün seminar və “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim (cüdo idman növü üzrə ən yüksək hakimlik dərəcəsi) adının alınması üçün imtahan keçirilib. 13 ölkənin iştirakı ilə keçirilən seminar və imtahan BCF-in hakimlər üzrə direktoru Florin Laskau və Hakimlər Komissiyasının üzvləri tərəfindən keçirilib. Seminarda və imtahanda Azərbaycan Cüdo Federasiyasının (ACF) hakimlər üzrə meneceri Mətin Rəhimli də iştirak edib.
İlk iki gün ərzində iştirakçılar hakimlərin yarışları dəqiq və səmərəli idarə etmələri üçün əyani vəsait kimi çoxsaylı video materiallarla tanış olublar. 12 may tarixində hakimlər təlimin nəzəri hissəsinə dair imtahan veriblər. Daha sonra, seminar iştirakçıları 13-15 may tarixlərində Alma-Ata şəhərində keçirilən yeniyetmələrin və gənclərin Asiya Kuboku yarışlarında görüşləri idarə edərək praktiki imtahan veriblər.
Həm nəzəri, həm də praktiki imtahanı yüksək nəticə ilə keçən Mətin Rəhimli “A” kateqoriyalı yüksək hakimlik lisenziyasını əldə edib.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycan təmsilçisi “A” kateqoriyalı hakimlik lisenziyasına 2014-cü ildə layiq görülüb. Beləliklə, 8 ildən sonra ilk dəfədir ki, Azərbaycan nümayəndəsi cüdo idman növü üzrə ən yüksək hakimlik dərəcəsini qazanıb.
Azərbaycan Cüdo Federasiyası həm milli, həm də beynəlxalq səviyyədə hakimlərimizin peşəkarlıq səviyyəsinin artırılması, o cümlədən “A” və “B” kateqoriyalı beynəlxalq dərəcəli hakimlərinin sayının çoxaldılması istiqamətində sistemli və ardıcıl fəaliyyətini davam etdirəcəkdir.