Sprint növləri üzrə Federasiya Kuboku başlayıb
ESTAFET/ Respublika Velotrekində trek velosipedinin sprint növləri üzrə Federasiya Kuboku yarışı start götürüb. 60 velosipedçinin iştirak etdiyi yarışın ilk iki günündə idmançılar 500 və 1000 metr məsafələrə fərdi ötüşmədə (mayın 14-də) və komanda sprinti növündə (mayın 15-də) güclərini sınayıblar.
500 metr məsafəyə fərdi ötüşmədə qızlar arasında Viktoriya Sidorenko (ROEQİUGVM) hamıdan güclü olub. 17 yaşadək oğlanlar arasında Bürhan Abdullayev (ROEQİUGVM) eyni məsafəni hamıdan tez qət edib.
1000 metr məsafəyə fərdi ötüşmədə isə Gənclər/U23/Elit yaş kateqoriyalarında ən sürətli velosipedçi Musa Mikayılzadə (MSN) olub.
Komanda sprinti üzrə yarışda qızlar arasında Viktoriya Sidorenko (ROEQİUGVM) və Lalə Əbdürəhmanova (7 İOEUGİM) dueti hamını qabaqlayaraq birinci nəticə göstərib.
Gənclər/U23/Elit yaş kateqoriyalarında Nəcəf Bağırov (Sərhədçi İK), Əmral Abduləzizli (7 İOEUGİM) və Kamran Mirzəxanov (ROEQİUGVM) üçlüyü fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
İlk 2 yarış günündə fərqlənən idmançılara mükafatları Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev, AVF-nin baş katibi Elnarə Musayeva və Federasiyanın idman direktoru Oleq Berezovski təqdim ediblər.
Mayın 17-də keçiriləcək sprint üzrə fərdi yarışlarla Federasiya Kubokuna yekun vurulacaq.